Gəncədə vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirilir

Gəncədə vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirilir
# 11 may 2022 19:20 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.

APA xəbər verir ki, Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl Niyazi Bayramov və rəsmilər 34 nömrəli tam orta məktəbin şəhid məzunları Rəşad Məmmədov, Əmrah Rajapov və I Qarabağ Müharibəsi şəhidlərinin xatirə lövhəsi önünə tər çiçəklər düzüb, onların əziz xatirəsinə dərin ehtiram ifadə ediblər.

Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir. O, bu qəbildən olan tədbirlərin davamlı olacağını iştirakçıların nəzərinə çatdırıb.

“Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlərin problemləri dinlənilib. Müraciətlər əsasən işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin dəyişdirilməsi, əlilliyin müəyyən edilməsi, ağacların budanması və suvarılmasına dair olub.

Vətəndaşlara bildirilib ki, hazırda Gəncə şəhərində 200-dən çox binanın dam örtükləri mərhələli şəkildə yenilənir, Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyi tərəfindən şəhərin yaşıllaşdırılması, ağaclara qulluq, o cümlədən təmir-bərpa və təmizlik işləri mütəmadi olaraq həyata keçirilir. Bununla yanaşı, sakinlərə əlilliyin müəyyən olunması üçün qeydiyyat üzrə Ailə Sağlamlıq Mərkəzlərinə, işsizliklə bağlı isə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filiallarına müraciət etmələri tövsiyə olunub.

Qeyd edək ki, səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanuna müvafiq formada həlli üçün tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR