Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib - FOTO - VİDEO

Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə

© APA | Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə

# 06 may 2022 14:46 (UTC +04:00)

Gəncədə təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərin iştirakı regional müşavirə keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə şəhər İcra Hakimiyyətində baş tutan regional müşavirədə Gəncə İH-nin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, “Azərişıq” və “Azəriqaz” ASC-lərin nümayəndələri, qərb bölgəsinin sahibkar və fermerləri iştirak ediblər.

Görüşdə insan ehtiyatsızlığı və digər səbəblərdən yaranan meşə yanğınları və onların qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar verilib.

Gəncə Şəhər İH-nin başçısı Niyazi Bayramov yanğın təhlükəsizliyi ilə bağlı hər kəsə ehtiyatlı olmağı tövsiyə edib. N. Bayramov hamını diqqətli olmağa çağırıb, qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın təhlükəsi daha da artır: “Yanğın hadisələrinin qarşısını almaq üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırırıq”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğınların baş verməməsi üçün görüləcək tədbirlər haqqında çıxış edib. Nazir müavini fermer və sahibkarlara biçin mövsümündə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və taxıl sahələrini yandırmamalarını tövsiyə edib.

E. Mirzəyev yanğın hallarının baş verməməsi üçün maarifləndirmə işlərinin ölkənin müxtəlif bölgələrində davam etdirildiyini də vurğulayıb.

Görüşdə yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin, biçindən sonra sahələrə od vurmamağın, təbiətdə olarkən odla ehtiyatlı davranmağın vacib olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR