Göyçayda küçədə gölməçə və palçıq hərəkətə mane olur - VİDEO

Göyçayda küçədə gölməçə və palçıq hərəkətə mane olur - VİDEO
# 14 iyun 2022 18:08 (UTC +04:00)

Göyçay şəhərinin bəzi küçələrinin bərbad hala düşməsi, yollarda yaranan çala-çuxur sakinləri narahat edir. Şəhərdə hətta yayda da palçıqlı yollara rast gəlinir. Bu hal piyadalara, avtomobillərin hərəkətinə maneçilik törədir.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Ənvər Məmmədxanlı küçəsində vəziyyət daha acınacaqlıdır. Yerli sakinlərdən Sərxan Xəlilov, Asim Əhmədov, Rüstəm Rüstəmov, Siyavuş Xəlilov APA-ya deyiblər ki, özəl şirkətə məxsus yük avtomobillərinin müntəzəm olaraq bu yolda hərəkəti səbəbindən yolda iri çalalar əmələ gəlib, yağış yağdıqda və arxda suyun səviyyəsi qalxdıqda küçəni su və lil basır, ərazidə keçilməz su gölməçələri yaranır.

Su quruduqdan sonra isə yolda yaranan toz sakinlərə çətinlik yaradır. Vətəndaşlar yoldakı problemlərə görə bu küçəyə çağırılan taksilərin geri qayıtdığını, uşaqların və əlil insanların su gölməçələrindən keçə bilmədiyini deyirlər. Yerli sakinlər və burada çalışan sahibkarlar yolun belə acınacaqlı vəziyyətə düşməsinə görə rayon İcra Hakimiyyətinə, bələdiyyə sədrinə, yol və su idarəsinə müraciət etdiklərini, lakin bir tədbir görülmədiyini bildirirlər.

Sakinlərin sözlərinə görə, uzun illərdir ki, bərbad halda olan Ənvər Məmmədxanlı küçəsi dövlət qurumları tərəfindən sanki unudulub. Problemin həlli ilə bağlı onlara dəfələrlə söz verilsə də, hələ ki, heç bir iş görülməyib. İsti yay aylarında yolda bu cür su gölməçələrinin, lil və palçıq qatının mövcudluğu aidiyyati qurumların məsələyə laqeyd yanaşmasından xəbər verir.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən və yerli bələdiyyədən APA-nın yerli bürosuna bildirilib ki, əraziyə baxış keçirilib, vətəndaşların şikayəti dinlənilib. İcra Hakimiyyətindən yaxın günlərdə su arxı lil və çöküntülərdən təmizlənəcəyi, yola su çıxmasının qarşısının alınacağı deyilib. Bundan əlavə, yolun özəl şirkətə məxsus yük maşınları tərəfindən bərbad hala salındığı məlum olub. Qeyd olunub ki, bununla bağlı şirkət rəhbərliyi yol idarəsinə müraciət edib, müvafiq sənədləşmə işlərindən sonra yolun bərpasına başlanılacaq.

Məsələ ilə bağlı Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov APA-nın yerli bürosuna bu arxın tezliklə lil və çöküntülərdən təmizlənməsi ilə bağlı ürəkaçan məlumat verməyib. O, həmin ərazidəki su arxının mühafizə zolağının obyekt sahibləri tərəfindən zəbt olunduğunu, ona görə texnikaların su arxına yaxınlaşmasının və orada qazıntı işləri aparmasının çətinləşdiyini bildirib.

Qeyd edək ki, su arxı yolun kənarında yerləşir və onun yenidən qazılması idarə müdirinin dediyi kimi çətin deyil. Əsas odur, istək olsun. Neçə illərdir ki, aidiyyati qurum rəhbərlərindən bu su arxının qazılacağı və yolun təmir olunacağı vədini eşidən sakinlər yenə də çarəsiz qalaraq problemin həllini gözləməli olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR