“Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsi başa çatıb

“Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsi başa çatıb
# 30 iyun 2022 10:54 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (BMTƏF) və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilən “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsi öz fəaliyyətini başa vurub.

APA xəbər verir ki, layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Layihənin əsas məqsədi ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı ataların də iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsindən ibarət olub.

Layihə çərçivəsində 30 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursu təşkil edilib. Layihənin bitməsindən sonrakı dövrdə növbəti addım olaraq gələcək fəaliyyətin müzakirəsi üçün ölkə üzrə tibb ocaqlarında çalışan mütəxəssislərin cəlb olunması və əhalinin geniş məlumatlandırmasına nail olmaq məqsədilə müvafiq dövlət qurumları, yerli icra orqanları, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirənin təşkili nəzərdə tutulur.

Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Tarixən ana və uşaqların sağlamlığı ilə məşğul olan tibb işçiləri əsasən analar və müəyyən dərəcədə uşaqlarla təmasda olub, sanitar-maarifləndirmə işini isə əsasən analar və bəzən də ailənin qadın üzvləri (qayınana, baldız, bacı) ilə aparıb. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, hamiləliyin gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR