Hande Harmancı: "Hər zaman Azərbaycanın səhiyyə sistemini dəstəkləmişik"

Hande Harmancı

© APA | Hande Harmancı

# 20 iyun 2022 10:55 (UTC +04:00)

"Avropa İttifaqı ilə bundan sonra da həm COVID-19, həm də digər xəstəliklər üzrə vaksinasiya prosesinə dəstəklə əlaqəli layihələr həyata keçiriləcək".

APA xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində deyib. O bildirib ki, bu layihə Gürcüstan və Azərbaycan da daxil olmaqla 6 ölkədə həyata keçirilib:

"Lakin səhiyyə sisteminin inkişafı ilə bağlı layihələrimiz hələ sonlanmayib. İlk layihəmiz lazımi tibbi avadanlıqların alınması ile bağlı idi. Sağlamlıq üçün Həmrəylik layihəsinin ikinci mərhələsi isə təlimlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılması ilə əhatə olunub. Koronavirus pandemiyası yeni başlayanda ilk vaxtlar xəstəxanalarda müəyyən avadanlıq çatışmazlığı vardı. Bugünkü layihə çərçivəsində bir çox avadanlıqların verilməsini təmin edə bildik".

ÜST rəsmisi bildirib ki, həmin dövrdə tibb işçilərinin bilik və bacarıqlarının artırılması əsas hədəflərdən idi:

"Bu sahədə Azərbaycan hökumətinə dəstək üçün çalışırdıq. Əsas məqsədimiz ölkənin səhiyyə sisteminin bundan sonrakı dövrdə hər hansı pandemiya qarşı mübarizə tədbirlərinə yüksək səviyyədə hazırlıqlı olmasıdır. Səhiyyə sahəsində həyata keçirilən layihələri məhz dövlət qurumları ilə birlikdə icra edirik ki, görülən işlər daimi və davamlı olsun, yaddan çıxmasın. Hər zaman Azərbaycanın səhiyyə sistemini dəstəkləmişik və bundan sonra da bu istiqamətdə əməkdaşlığımız davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR