Həkim: Elektron siqaretlər ağciyərlərdə, ürək qan-damar sistemində problemlərə və beyin infarktına yol açır

Həkim: Elektron siqaretlər ağciyərlərdə, ürək qan-damar sistemində problemlərə və beyin infarktına yol açır
# 26 may 2023 17:22 (UTC +04:00)

Elektron siqaretlər ağciyərlərdə (ağciyərlərin xroniki obstruktiv xəstəlikləri), ürək qan-damar sistemində ürək çatışmazlığı, ürək aritmiyaları, beyin infarktı, reproduktiv funksiyaların pozulması kimi problemlərə yol açır.

APA xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 19 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova bildirib.

Onun sözlərinə görə, zərərsiz olduğu düşünülən, müasir dövrdə siqareti tərgitmək istəyənlərin üstünlük verdiyi elektron siqaretlər insan sağlamlığına adi siqaretlərdən daha çox mənfi təsirini göstərir:

“Tərkibində kimyəvi maddələr, dad aromatorları olan elektron siqaretlərdən çıxan buxar bildiyimiz tüstü aerozollarıdır. Onlar nəfəs yoluna çəkilən zaman ağızda, diş ətində, boğazda, qida borusunda, ağciyərlərdə toplanaraq kimyəvi-konsaragen təsirlərini göstərməyə başlayır. Bu isə insan sağlamlığı üçün ən azı adi siqaretlər qədər və ya daha çox təhlükəlidir”.

Mütəxəssimiz onu da bildirdi ki, bəzən müraciət edən pasiyentlər ağız quruluğundan şikayət edərkən onlar müvafiq müayinələrə yönləndirilir:

“Müayinələr zamanı onlarda şəkərli diabet və digər xəstəliklərin müayinə nəticələrinin normal olmasına baxmayaraq dərin anamnez məlumatları toplandıqdan sonra şəxsin elektron siqaret istifadəçisi olduğu məlum olur. Bu da onu göstərir ki, elektron siqaret ağızda quruluq yaratmaqla yanaşı insanlarda ciddi şikayətlərə səbəb olur”.

Elektron siqaretin tərkibində propilen, qliko, qliserin, dad aromatorları, nikotin, hətta naftalin, radioaktiv maddələr, nikel, xrom, alüminium kimi kimyəvi maddələrin olduğunu bildirən Y.Cəfərova "elektron siqaretlərin tərkibində nikotin yoxdur" deyilməsinə baxmayaraq kontrol müayinələr zamanı onların tərkibində nikotin aşkarlandığını da vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR