Hərbi Prokurorluq: Ballıqaya qətliamı ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Firad Əliyev, Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri

© APA | Firad Əliyev, Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri

# 28 avqust 2022 12:26 (UTC +04:00)

Bu gün ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 30 il ötür.

Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev APA-ya bildirib ki, 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıblar:

"Laçın rayonu sakinlərinin bir qrupu da Goranboy rayonunun Ballıqaya kəndinə köçüblər. Həmin kənddə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqustunda düşmənin silahlı hücumuna məruz qalıb, hücum nəticəsində xeyli insan qətlə yetirilib, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıbr. Bu faktla əlaqədar Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılıb. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda davam etdirilib".

Hərbi Prokurorluğun sözcüsü qeyd edib ki, aparılmış istintaqla müəyyənləşdirilib ki, Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər - dinc sakinlər 1992-ci il avqustun 28-də erməni silahlı dəstəsinin hücumuna məruz qalıb, səhər saat 05 radələrində hücum zamanı 24 nəfər günahsız insan - qoca, qadın, uşaq və hətta 6 aylıq körpə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilib, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib:

"Ümimiyyətlə, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə), 115-ci (Müharibə qanunlarını və adətlərini pozma), 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (Qəsdən adam öldürmə), 214-cü (Terrorçuluq) maddələri və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə göndərilib. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR