Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimatı olub

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimatı olub
# 09 fevral 2023 12:58 (UTC +04:00)

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış və ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri, müəllimlər üçün nəzərdə tutulmuş “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib.

APA Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir:

“Heydər Əliyev təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. O, iqtisadiyyatın da, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayardı”.

Məleykə Abbaszadə “Tarix” vəsaitinin qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək məqsədi daşıdığını, xüsusilə öz üzərində müstəqil çalışmaq istəyənlər üçün əvəzsiz mənbə olduğunu deyib.

Daha sonra tədbirdə vəsaitin həmmüəllifləri çıxış ediblər. Dövlət İmtahan Mərkəzinin Tarix fənni üzrə işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəsaitin “Ümumi tarix”, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev “Azərbaycan tarixi” bölməsi haqqında danışıblar.

Vəsait haqqında ümumi məlumat verən Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov isə onun tədris proqramı və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fənn kurikulumunun tələblərinə tam uyğunluğunu qeyd edib, kitabda olan müstəqil qiymətləndirmə tapşırıqlarının əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR