Himayədar ailəyə verilən uşağın monitorinqi aparılacaq, fərdi inkişaf planı hazırlanacaq

Himayədar ailəyə verilən uşağın monitorinqi aparılacaq, fərdi inkişaf planı hazırlanacaq
# 02 may 2023 13:25 (UTC +04:00)

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir. Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır. Monitorinqlər zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 143.2.1 – 143.2.3-cü maddələrində qeyd edilən əsaslardan birini (himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə, himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə, himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda) aşkar etdikdə, dərhal uşağın himayədar ailəyə verilməsinə dair müqaviləni birtərəfli qaydada ləğv edir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilmiş uşağın maraqları əsasında onun əqli, fiziki, emosional, psixoloji inkişafını təmin etmək, onun bioloji valideynlərinə (bioloji valideynləri olmadıqda isə qohumlarına) qaytarılması imkanlarını qiymətləndirmək məqsədilə himayədar valideynlərin, mümkün olduqda uşağın bioloji valideynlərinin iştirakı ilə uşağın fərdi inkişaf planını hazırlayır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planında olan tədbirlərin vaxtında və keyfiyyətlə icrası məqsədilə uşağın bioloji valideynləri (olduğu halda) və himayədar valideynlərlə mütəmadi iş aparır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideynlərin fikrini nəzərə almaqla uşaqla bioloji valideynlərin və ya qohumların görüşünü təşkil edir. Himayədar valideynlər belə görüşlərin keçirilməsi üçün lazımi şərait yaratmalıdırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR