I qrupda bəzi ixtisaslarda keçid balları artacaq

I qrupda bəzi ixtisaslarda keçid balları artacaq
# 16 avqust 2022 15:17 (UTC +04:00)

Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:

"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".

O deyib ki, I qrup üzrə ballar artsa da, lakin 200 baldan yuxarı nəticə göstərmiş hər bir şəxs ali məktəbə qəbul olacaq:

“I qrupda bəzi ixtisasları - məsələn, riyaziyyat, fizika və kompüter elmlərini seçənlər gərək minimum 250 bal toplamış olsunlar. Onların sayı 12 min nəfərdir. Onların da arasında kifayət qədər yüksək müsabiqə yaranacaq".

Məleykə Abbaszadə qeyd edib ki, I qrup üzrə rus bölməsi isə plan yeri 3200-dür:

“I qrupda 200 baldan yuxarı nəticə göstərən rus bölməsi abituriyentlərinin sayı 1200, 150 baldan yuxarı olanların sayı isə 1600 nəfərdir. Rus bölməsində bu qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs özünə ali məktəbdə yer tapa biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR