İcbari tibbi sığorta tariflərinin hesablanması Qaydası təsdiqlənib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 24 dekabr 2021 18:31 (UTC +04:00)

Nazirlər Kabineti “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən, tibbi xidmətlərin tarifi tibbi xidmətin göstərilməsinə çəkilən birbaşa və dolayı xərclərdən, habelə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan marjadan və qanunla müəyyən edilmiş vergi və icbari ödənişlərdən ibarət olan qiymətdir.
Birbaşa xərclər tibbi xidmətlər üzrə bilavasitə xidmətin göstərilməsi ilə əlaqədar istifadə olunan əmək və maddi-texniki resurslara çəkilən xərclərdir. Başqa sözlə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclər aşağıdakılardan ibarətdir:
- tibbi xidmətin göstərilməsinə çəkilən əməkhaqqı məsrəfləri;
- tibbi xidmət üzrə istifadə olunan dərman vasitələri və tibbi sərfiyyat malları ( tibbi xidmətin göstərilməsi üçün zəruri olan və birdəfəlik istifadəsi nəzərdə tutulmuş sərfiyyat materialları), habelə laboratoriya reaktivləri üzrə məsrəflər;
- cərrahi əməliyyatlar zamanı təyin olunmuş anesteziya növünə uyğun istifadə olunan tibbi preparatlar üzrə məsrəflər;
- stasionar yatış üzrə xəstənin qidalanma məsrəfləri;
- tibbi xidmət üzrə istifadə olunan avadanlıqların bir prosedura düşən amortizasiya məsrəfləri.
Bu Qaydanın məqsədləri üçün əməkhaqqı məsrəfləri dedikdə ölkə üzrə səhiyyə sahəsində çalışan tibb işçilərinin əməkhaqları və ona bərabər tutulan ödənişlər, o cümlədən qanunla müəyyən edilmiş vergi və icbari ödənişlər nəzərdə tutulur. Bu Qaydanın məqsədləri üçün tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclərin ƏDV-siz qiymətləri nəzərə alınır. Tibbi xidmətin göstərilməsinə çəkilən əməkhaqqı məsrəfləri ambulator-poliklinik, diaqnostik və laborator tibbi xidmətin orta davametmə müddəti və stasionar-terapevtik xidmətlər üzrə yatış günlərinə uyğun iş saatları, habelə cərrahi əməliyyatlar zamanı cərrah, anestezioloq-reanimatoloq, cərrah-assistent, orta tibb heyətinin əməliyyatın orta davametmə müddəti üzrə sərf etdiyi iş vaxtına uyğun əməkhaqlarının məbləğindən ibarətdir.
Dolayı xərclər tibbi xidmətin göstərilməsi ilə bilavasitə əlaqəli olmayan, lakin tibb müəssisəsinin fəaliyyətini şərtləndirən digər resurslara çəkilən xərclərdir. Başqa sözlə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran dolayı xərclər aşağıdakılardan ibarətdir:
- tibbi xidmətlərin göstərilməsində birbaşa iştirak etməyən işçi heyət üzrə əməkhaqqı məsrəfləri;
- tibb müəssisəsinin fəaliyyəti üzrə kommunal məsrəflər;
- birbaşa xərclərə aid olmayan digər məsrəflər.
Dolayı xərclər tibbi xidmətlərin tariflərinin müvafiq olaraq tibbi xidmətlərin göstərilməsində birbaşa iştirak etməyən işçi heyət üzrə əməkhaqqı məsrəfləri üzrə 10 faizi, tibb müəssisəsinin fəaliyyəti üzrə kommunal məsrəflər üzrə 5 faizi, birbaşa xərclərə aid olmayan digər məsrəflər üzrə 3 faizi həcmində müəyyən edilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qaydaya uyğun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini 2022-ci il 1 iyun tarixinədək yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir. Bu Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürüləcək.
Qərara əsasən, bu Qayda 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR