İcraçı direktor: "Prezidentin həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır"

İcraçı direktor: "Prezidentin həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır"
# 19 iyun 2019 11:32 (UTC +04:00)

“Bu ilin dörd ayı ərzində əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfə üstələyib".

APA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əhalinin nominal gəlirləri artmaqla inflyasiyanı daha da üstələyəcək: "Bütövlükdə maaş artımı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar bundan sonra da davam edəcək”.

V. Qasımlı bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.

İcraçı direktor əlavə edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır. Onun sözlərinə görə, imzalanan sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

V. Qasımlı həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq: "Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək".

İcraçı direktor bildirib ki, Prezidentin maaş artımı ilə bağlı imzaladığı sosial inqilabi paketi Azərbaycanda iqtisadiyyata da müsbət təsirlər göstərəcək: “Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar bundan sonra da davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR