İdxal olunan köhnə avtomobillərdən alınması nəzərdə tutulan ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb.
APA xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.
O bildirib ki, istismar müddəti 1-3 il olan avtomobillərin idxalı zamanı utilizasiya rüsumu alınmayacaq.
"İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər" - deyə o qeyd edib.