“İƏT Modeli – 2022”nin bağlanış mərasimi keçirilib

 “İƏT Modeli – 2022”nin bağlanış mərasimi

© APA |  “İƏT Modeli – 2022”nin bağlanış mərasimi

# 03 iyun 2022 11:55 (UTC +04:00)

Bu gün İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin bağlanış və qaliblərin təltif edilməsi mərasimi keçirilib.

APA-nın xəbərinə görə, dövlət orqanları nümayəndələrinin, Milli Məclisin deputatlarının, eləcə də İƏT ölkələri səfirlikləri və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə İƏT Modelinin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş etdirilib.

Mərasimdə ilk çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov proqramın əsas məqsəd və vəzifələri haqqında məlumat verib. Vüsal Qurbanov həmçinin Azərbaycan gənclərinin liderlik qabiliyyətini artırmaq üçün son illərdə İƏT Modelinə olan marağın artmasından, indiyədək 1000-ə yaxın məzunun olmasından, bu il 600-ə yaxın gəncin müraciət etdiyi proqramın 30-dan çox İƏT ölkəsində uğurla həyata keçməsindən də bəhs edib.

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Elnur Məmmədov öz çıxışında Azərbaycan-İƏT münasibətləri, xüsusilə, bu ilin mart ayında İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında Azərbaycan xarici siyasətinin əldə etdiyi uğurlardan danışıb, “İƏT Modeli” proqramının milli diplomatik kadrların yetişməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib və bu sahədə İƏT Gənclər Forumu ARM-nin gördüyü işlərə yüksək qiymət verib.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında layihənin tərəfdaşı kimi təmsil etdiyi nazirliyin İƏT Modelinə göstərdiyi dəstəkdən, qeyri-formal təhsilin gənclərin inkişafındakı rolundan bəhs edib və gələcəkdə nazirliyin “Gənclər Siyasəti”ni həyata keçirmək istiqamətində İƏT Gənclər Forumu ARM ilə əməkdaşlıq edəcəyini qeyd edib.

Diplomatik korpus adından danışan Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim “Azərbaycan gəncliyi üçün uğurlu platforma” adlandırdığı bu layihədə artıq illərdir iştirak etməyindən şərəf duyduğunu nəzərə çatdıraraq, simulyasiya oyunlarında müzakirə edilən mövzuların vacibliyini nəzərə çatdırıb, gənclərə uğurlar arzu edərək, onların kreativ ideayalara və kritik düşüncəyə açıq olmağa çağırıb.

Daha sonra Azərbaycanda akkreditə olunan İƏT səfirlikləri nümayəndələri bu ilin may ayının 15-də layihə çərçivəsində baş tutan “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının finalçılarını müvafiq sertifikat və hədiyyələrlə təltif ediblər.

Qeyd edək ki, simulyasiya oyunlarında İƏT məkanında aktual xarakter kəsb edən münaqişələrlə bağlı müzakirələr aparılıb və müvafiq qətnamələr qəbul edilib.

İƏT Gənclər Forumu ARM, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələri dinləyən tələbələr eyni zamanda yuxarıda adı çəkilən ölkələrin səfirliklərinə gedərək, həmin dövlətlərlə bağlı lazım olan məlumatları əldə ediblər. Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT miqyasını əhatə edən və təşkilata üzv olan 40-dan artıq ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR