İlin ilk 3 ayında birdəfəlik müavinət alanların sayı açıqlanıb

İlin ilk 3 ayında birdəfəlik müavinət alanların sayı açıqlanıb
# 17 may 2022 17:14 (UTC +04:00)

2022-ci ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 14,0 min ailəyə 14,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 2,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2,0 min nəfərə birdəfəlik müavinət verilib.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib. 2022-ci ilin aprelin 1-i vəziyyətinə 33,4 min aztəminatlı ailənin 146,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 67,96 manat təşkil edib.

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, daxili işlər orqanlarının əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, bu kateqoriyadan olan şəxslərə və ya onların vərəsələrinə (vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq) I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə müəyyən edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 aprel tarixli 3218 nömrəli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilib.

Eyni zamanda, müxtəlif kateqoriyadan olan 378,2 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR