İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq

İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq
# 27 aprel 2022 14:33 (UTC +04:00)

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın tərkibi yeni qaydada müəyyənləşəcək.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edib.

Komissiyanın tərkibinə ixtisaslaşmış qeyri-hökumət təşkilatların rəhbərləri daxil ediləcək. Eyni zamanda müvafiq dövlət qurumlarının rəhbərlərinin müavinləri komissiyada təmsil olunacaq, beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri komissiyanın işinə cəlb edilə biləcək. Başqa sözlə, indiyə qədər İdarələrarası komissiyanın tərkibi Daxili İşlər Nazirliyinin Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət olub. Bundan sonra İdarələrarası komissiyanın tərkibi Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin müavinlərindən, insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət olacaq.

İdarələrarası komissiyanın tərkibinə daxil edilən qeyri-hökumət təşkilatları müsabiqə yolu ilə 2 il müddətinə seçiləcək. İdarələrarası komissiyanın tərkibinə daxil edilməsi nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının sayı və müsabiqənin keçirilmə qaydası idarələrarası komissiya tərəfindən müəyyən ediləcək. İdarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri idarələrarası komissiyanın işinə cəlb edilə bilər. İdarələrarası komissiyanın əsas vəzifəsi insan alveri qurbanlarının hüquqlarının qorunmasını və onların aidiyyəti qurumlara təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, reabilitasiyasını təmin edəcək səmərəli sistem yaratmaqdan və bu sahədə qaydalar formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda qərara əsasən, İdarələrarası komissiya öz vəzifələrini yerinə yetirmək üçün yeni funksiyaları müəyyənləşib. Bunlar aşağıdakılardır:

- Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsini təşkil edir və onun icra vəziyyətinə nəzarət edir;

- insan alverinə qarşı mübarizə sahəsindəki mövcud vəziyyəti, o cümlədən insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə görülən tədbirləri təhlil edir;

- idarələrarası komissiyaya daxil olmuş müraciətlərə baxılmasını və onların ümumiləşdirilməsini təşkil edir;

- idarələrarası komissiya üzvlərinin Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı məlumatlarını dinləyir;

- insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasının təmin edilməsi ilə əlaqədar görülən işləri əlaqələndirir və onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;

- insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər, habelə Milli İstiqamətləndirmə Mexanizminin icrası ilə bağlı metodiki vəsaitlər hazırlayır;

- Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür;

- Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsinin təhlili əsasında onun təkmilləşdirilməsi barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edir;

- Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı maarifləndirmə işini təşkil edir.

İdarələrarası komissiya bu Qaydalarda nəzərdə tutulan funksiyaları həyata keçirərkən dövlət qurumları, yerli özünüidarəetmə orqanları, habelə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyaya sədrlik edir. İdarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar idarələrarası komissiyanın katibliyi funksiyasını Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.

İdarələrarası komissiya fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və idarələrarası komissiyanın iclasında qəbul edilmiş illik iş planına uyğun olaraq həyata keçirir.

İdarələrarası komissiyanın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. İdarələrarası komissiya özünün iş qaydasını müəyyən edir. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR