İntihara ən çox meyilli sosial qruplar: veteranlar, miqrantlar - ARAŞDIRMA

İntihara ən çox meyilli sosial qruplar: veteranlar, miqrantlar - ARAŞDIRMA
# 14 iyul 2022 16:21 (UTC +04:00)

İntihar rifah səviyyəsindən və coğrafi mövqeyindən asılı olmayaraq, müasir dünya ölkələrinin başlıca səhiyyə problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prioritet mübarizə istiqamətlərindən biri kimi elan etdiyi intihar halları statistikaya görə, hər il 700 mindən çox insanın, hər 40 saniyədə bir nəfərin ölümünə səbəb olur. Bu davranış hər il müharibələrdən, QİÇS, döş xərçəngi, malyariya və ailədaxili cinayətlərdən daha çox insanın həyatının vaxtsız başa çatması ilə nəticələnir. ÜST-nin statistikasına görə, 2019-cu ildə hər 100 nəfərdən 1-i intihar nəticəsində həyatını itirib.

Bəs intihar hallarının artmasının səbəbi nədir?

Araşdırmalar nəticəsində bəzi sosial qrupların intihara daha meyilli olduğu üzə çıxıb. ÜST-nin məlumatına görə, inkişaf etmiş ölkələrdə intihar halları, əsasən, 40-60 yaşlarında, az və orta gəlirli ölkələrdə isə 20-40 yaşlarında baş verir. Bundan başqa, səbəbi məlum olmasa da, kişilər arasında intihar halları qadınlarla müqayisədə daha çoxdur.

İnkişaf etmiş ölkələrdə intihar halları, əsasən, depressiya və alkoqol istifadəsinə dair pozğunluqlarla əlaqələndirilir. Araşdırmalara görə, intihar, əsasən, münasibətlərin pozulması, maliyyə problemləri kimi, böhran anlarında stresslə mübarizə qabiliyyətinin pozulması zamanı impulsiv olaraq baş verir.

Bundan başqa, münaqişələrə, diskriminasiyaya, zorakılığa, istismara və ya itkiyə məruz qalan individuallar da intihara daha çox meyilli ola bilirlər.
İntihar halları diskriminasiyaya məruz qalan qaçqınlar və miqrantlar, məhbuslar və cinsi azlıq nümayəndələri arasında da yüksəkdir.

Veteranlar ən çox intiharla üzləşən qruplar arasındadır

Ən çox intihar riski ilə üzləşən qruplardan biri də veteranlarıdır. ABŞ-ın İntiharların Qarşısının Alınması İdarəsinin məlumatına görə, 2008-ci ildən 2017-ci ilədək ölkədə hər il 6 min veteran intihar edib. Bu isə həmin dövrdə ölkədə intiharla əlaqəli olan yetkin ölümlərinin 13,5%-nə bərabərdir.
RAND təşkilatının məlumatına görə, 2005-ci ildən veteranlar arasında intihar halları sürətli şəkildə artmaqdadır və son 12 il ərzində intihar halları veteranlar arasında digər şəxslərlə müqayisədə daha çoxdur.

Təşkilatın məlumatına görə, 2018-ci ildə ABŞ-da 6 435 veteran intihar edib. 2019-cu ilin statistikasına əsasən, veteranlar arasında intihar halları hər 100 min nəfərə 27.5 nəfər təşkil edib, qeyri-veteran intiharlarında isə bu göstərici hər 100 min nəfərə 18,2 nəfər təşkil edib.

“Stopsoldiersuicide.org” təşkilatının məlumatına görə, veteranlar hərbi xidmətdə olmayan öz həmyaşıdları ilə müqayisədə 50% daha çox intihar riski ilə üzləşirlər. Təşkilatın proqnozuna görə, 2030-cu ilədək ABŞ-da veteran intiharları 11 sentyabr hadisələrindən sonra həyata keçirilən hərbi əməliyyatlar zamanı ölən hərbçilərin sayından 23 dəfə çox olacaq. Bundan başqa, 2030-cu ilədək veteran intiharlarının ABŞ üçün 221 milyard dollar ictimai xərc yaradacağı təxmin edilir. Ümumilikdə isə 2001-ci ildən sonra ABŞ-da 114 min veteran intiharı qeydə alındığı bildirilib. Təkcə 2006-cı ildən sonra əksəriyyəti 18-34 yaş qrupundan olan veteran intiharlarında 86%-lik artım qeydə alınıb.

İntihar hissi

Bununla belə, intihar hissi yaşından, cinsindən asılı olmayaraq, istənilən anda və istənilən şəxsə təsir edə bilər. Bu hissin, əsasən, artan ümidsizlik, özünü dəyərsiz hiss etmə kimi tərifləri verilir. Bu hisslərə məruz qalan şəxs özü bəzən buna nəyin səbəb olduğunu müəyyən etməkdə çətinlik çəkə bilər. Lakin Böyük Britaniyanın “Mind” təşkilatı intihar hissini müxtəlif faktorların kombinasiyası ilə əlaqələndirir: psixoloji problemlər, bullinq və ya diskriminasiya, irqi ayrı-seçkiliyə məruz qalma, ailədaxili şiddət, cinsi və ya fiziki istismara məruz qalmaq da daxil olmaqla, zorakılığın müxtəlif növlərindən əziyyət çəkmə, yasda olmaq və ya yaxınını itirmək, münasibətlərin sonlandırılması, uzunmüddətli fiziki ağrılar, böyük dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkmək, maliyyə problemləri, evsizlik, tənhalıq, həbs edilmək, uğursuzluq, asılılıq (narkomaniya və alkoqolizm), hamiləlik, cinsi kimliklə bağlı şübhələr, mədəni təzyiqlər, məcburi evlilik və digər travmalar.

İntiharın xəbərdarlıq əlamətləri

ABŞ-ın İntiharların Qarşısının Alınması İdarəsinin məlumatına görə, intihara meyilli şəxslərdə əvvəlcədən müəyyən davranış dəyişikliyi və ya tamamilə yeni davranışların ortaya çıxması müşahidə edilə bilər. İntihara meyilli olan şəxsləri, həmçinin onların söhbətləri ilə də müəyyənləşdirmək mümkündür. Belə ki, həmin şəxslər özlərini öldürmələri barəsində, ümidsizlik, həyatda heç bir məqsədlərinin qalmaması, özünü digərlərinə yük kimi hiss etmək, dözülməz ağrılarının olması barəsində danışırlar. İntihar davranış siqnallarına gəldikdə isə alkoqol və ya narkotiklərin istifadəsi, internetdə həyatlarına son verə biləcək metodları axtarması, çox az və ya həddindən artıq yatmaq, insanlarla vidalaşmaq məqsədilə onlarla görüşmək, dəyərli əmlaklarını hədiyyə etmək, aqressiv davranmaq, yorğunluq müşahidə edilir. İntihar əhval-ruhiyyəsinə gəldikdə isə, intihar edənlər əsasən depressiv, qəzəbli, marağını itirmiş, qəfil özünü yaxşı hiss etmək kimi psixoloji vəziyyətlər nümayiş etdirə bilərlər.

İntiharın qarşısını almaq mümkündürmü?

Bununla belə, intihar qarşısı alına bilinən bir davranışdır. Əhali səviyyəsində, eləcə də individual səviyyədə müxtəlif tədbirlər görməklə intihar halının qarşısının alınması mümkündür. ÜST intihar vasitələrinə (zəhər, odlu silahlar, müəyyən dərmanlara) çıxışın məhdudlaşdırılması, medianın intihar xəbərini məsuliyyətli şəkildə çatdırmasının təmin edilməsi, yeniyetmələrə sosio-emosional həyat bacarıqlarının aşılanması, intihar davranışlarının erkən müəyyənləşdirməsi, dəyərləndirməsi və idarə edilməsi ilə intiharların qarşısının alınmasının mümkün olduğunu bildirir.

İntiharla mübarizədə medianın rolu: Avtomobil qəzası və intihar xəbərinin fərqi

Media bütün digər vasitələrlə müqayisədə sahib olduğu imkanlara görə, intiharın qarşısının alınmasında və ya intihara təşviq edilməsində nəhəng imkanlara malikdir. Dünya praktikasında intihar xəbərinin çatdırılması epidemiya yaratmağa deyil, xəbərdarlıq hissi aşılamağa hədəflənir.

Aparılmış 100-dən çox tədqiqat intiharın həm də psixoloji anlamda yoluxuculuq riski daşıdığını göstərib. Bu anlamda məsuliyyətli xəbərçilik əlavə intihar risklərinin azaldılmasında töhfə verdiyi kimi, məsuliyyətsiz davranışlar intihar dalğasının yaranması ilə nəticələnə bilər. İntihar hadisələrinin ehtiyatla yayımlanması qavrayışları dəyişə, mifləri dağıda və ictimaiyyəti məsələnin mürəkkəbliliyi barəsində məlumatlandıra bilər.

İntihar xəbərinin paylaşılması zamanı mümkün Verter effektinin qarşısının alınması məqsədilə aşağıdakı qaydalara riayət edilməsi tövsiyə edilir:

İntihar metodunun və ya məkanının dəqiq təsvir edilməsindən qaçınmaq, əksinə sadəcə ölümün intihar olduğunu çatdırmaq, məkanla bağlı ümumi məlumat vermək;

İntihar məktubunun mətnini paylaşmamaq, əvəzində sadəcə olaraq intihar məktubunun tapıldığını bildirmək və onun nəzərdən keçirildiyini qeyd etmək;

İntihar edənin şəxsi məsələlərini təsvir etməkdən çəkinmək, onunla bağlı sadəcə ümumi məlumat vermək;

İntiharın çətinliklə mübarizədə ümumi və qəbul edilən davranış kimi təqdim edilməsindən çəkinmək, əksinə intihar hissi ilə mübarizə bacarıqlarının, dəstəyin və müalicənin bir çox insanın bu fikirdən daşınmasına yardım etdiyini bildirmək;

İntiharı həddindən artıq sadələşdirməmək, intihar səbəbini spekulyasiya etməmək, əksinə intiharın xəbərdarlıq siqnallarını və risk faktorlarını təsvir etmək;

İntihar hadisəsini sensasiyalaşdırmadan çəkinmək, hadisəni sadəcə faktlarla çatdırmaq və ölənin ailə üzvlərini incitməmək məqsədilə həssas dildən istifadə etmək;

İntiharı qlamurlaşdırmamaq və ya romantikləşdirməmək. İntiharı qəhrəmanlıqla, şərəflə və ya hansısa fərdə və ya qrupa sadiqliklə əlaqələndirməmək;

İntihar problemini həddindən artıq şişirtməmək, “kəlləçarxa qalxmaq”, “epidemiyaya çevrilmək” sözləri yerinə, “artım”, “çoxalma” kimi neytral lüğətdən istifadə etmək;

İntihar hadisəsinin nəşrin və ya yayımın ən önəmli, gözəçarpan, diqqətçəkən hissəsində yerləşdirməkdən çəkinmək.

Xülasə

Göründüyü kimi, intihar xəbəri terror və kriminal xəbərlər kimi yoluxucu təsirlərə malikdir. Bu baxımdan, həm peşəkar medianın, həm də vətəndaş jurnalistikasının ətrafdakı fərdlərin zəifliyini, psixoloji durumunun mürəkkəbliyini nəzərə alması həyati əhəmiyyət daşıyır.
Məsuliyyətli jurnalistikada intihar xəbərçiliyinin məqsədi sensasiyalı başlıqlarla media orqanına daha çox izləyicinin cəlb edilməsi deyil, növbəti intiharın qarşısının alınmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR