İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı hallar məlum olur

İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı hallar məlum olur
# 01 dekabr 2022 17:40 (UTC +04:00)

İnzibati məhkəmə icraatının elektron qaydada aparılacağı və videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçiriləcəyi hallar müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Prosessual Məcəlləyə təklif edilən yeni 9-1-ci və 9-2-ci maddələrdə əksini tapıb.

Layihəyə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər.

Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Yuxarıda nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz.

Yuxarıda nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı proses iştirakçıları yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

Məhkəmə iclasının real vaxt rejimində müşahidə edilməsi imkanı iclasda iştirak edə bilməyən tərəfin ərizəsinə əsasən və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı ilə təşkil oluna bilər.

“Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda proses iştirakçılarının adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.

Eyni zamanda layihəyə əsasən, inzibati məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçiriləcək.

Məhkəmə aşağıdakı hallarda inzibati məhkəmə icraatının iştirakçısının, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan məhkəmə icraatını videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər:

- inzibati məhkəmə icraatının iştirakçıları, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- inzibati məhkəmə icraatının iştirakçıları, onların qanuni nümayəndələri və şahidlərin müalicə müəssisəsində olması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- inzibati məhkəmə icraatının iştirakçıları, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrumetmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 9-2.1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;

- məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda.

Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə, yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir.

Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini, real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir.

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR