İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı davam edir

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı davam edir
# 10 noyabr 2022 15:40 (UTC +04:00)

İqlim Dəyişmələri üzrə 27-ci Tərəflər Konfransının dünənki iclası iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bu mövzu Konvensiya və Paris Sazişi üzrə danışıqlar prosesinin mərkəzində dayanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, günün birinci hissəsində BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun təqdimatı keçirilib və təqdimatda o, qlobal “iqlim böhranı”nın əsas mənbələri barədə ətraflı məlumat verib.

Eyni zamanda, sessiyalarda iştirakçı ölkələrin nümayəndələri "yaşıl enerjiyə" keçid üçün maliyyənin həyati əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Konvensiyanın maliyyə mexanizmlərinə çıxış qeyri-bərabərdir və sessiyalarda “yaşıl” kreditlərin dəyərinin aşağı salınması üçün aktual həllər və öhdəliklər müzakirə olunub.

Həmçinin qeyd edilib ki, qlobal temperatur yüksəlməyə davam etdikcə həm uyğunlaşma, həm də dayanıqlılıq üçün daha çox maliyyə vəsaiti tələb olunur. Günün ikinci yarısında Yerin müşahidə sistemlərinə həsr olunmuş tədbirdə istilik effekti yaradan qazların monitorinqinin aparılması məsələləri müzakirə olunub.

Əsas diqqət uyğunlaşma planlarının nəzərdən keçirilməsinə və investorlar üçün uyğunlaşma layihələrinin daha sərfəli və cəlbedici olmasına yönəldilib.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı, su ehtiyatları və iqlim dəyişmələri kimi ən həssas sektorlar üçün Milli Uyğunlaşma Planı, eləcə də sahil zonası üçün uyğunlaşma tədbirlərinin hazırlanması sahəsində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR