İnqilab Şahbazov: “Azərbaycan Elm Assosiasiyasının məqsədi elmə marağı artırmaqdır”

İnqilab Şahbazov: “Azərbaycan Elm Assosiasiyasının məqsədi elmə marağı artırmaqdır”
# 17 iyul 2019 16:13 (UTC +04:00)

“2016-cı ildə təsis olunan Azərbaycan Elm Assosiasiyasının əsas məqsədi Azərbaycanda elmin inkişafına töhfə vermək, dünya elmində baş verən yeniliklərin Azərbaycan elmi, kütləvi auditoriyalarına operativ şəkildə çatdırılması və ölkədə elmə marağın artırılmasından ibarətdir”.

Bunu APA-ya Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazov deyib.

O bildirib ki, Assosiasiya bu istiqamətdə infoqrafika layihəsini icra edir və elmin müxtəlif sahələrində məlumatları infoqrafika şəklində oxuculara təqdim edir: “İnfovideo layihəsi çərçivəsində isə müxtəlif elmi mövzular haqqında məlumatlandırıcı videolar hazırlanır və sosial şəbəkələrdə paylaşılır. “Günəş panelləri və səhralar”, “İqtisadi diversifikasiya” kimi aktual mövzuları əhatə edən videolar yığcam və sadə dildə hazırlanır”.

İ. Şahbazovun sözlərinə görə, Assosiasiyanın rəsmi internet səhifəsində - azescience.org-da məqalələr bölməsi yaradılıb: “Burada müxtəlif elm sahələrinə dair mövzular üzrə yazılar paylaşılır. “Azərbaycanda günəş enerjisindən istifadə”, “İlk Təyyarə və Uçuşun Tarixçəsi” kimi məqalələr doğma dilimizdə internet resurslarının zənginləşdirilməsinə xidmət edir. Assosiasiyanın daha bir layihəsi isə elmin müxtəlif sahələri üzrə öz sahələrində müəyyən uğur əldə etmiş gənc mütəxəssislər tərəfindən seminarların keçirilməsidir. “Cəza metodları”, “Tibdə nanotexnologiya”, “Yeniyetməlik və gənclik dövrünün psixologiyası” kimi geniş mövzuları əhatə edən seminarlarımız gənc auditoriyaya müasir elmi yeniliklərin çatdırılmasında mühüm rol oynayır”.

Azərbaycan Elm Assosiasiyasının həmsədri qeyd edib ki, hazırda Assosiasiyada 20-dən çox gənc könüllü əsaslarla çalışır: “Assosiasiyaya üzv olaraq, onun fəaliyyəti, gələcək seminarlar, forumlar və s. haqda elektron məktub vasitəsilə məlumat almaq mümkündür. Eyni zamanda Assosiasiyanın fəaliyyəti və layihələrini internet səhifəsi ilə bərabər, sosial şəbəkədə facebook.com/azescience/ səhifəsindən də izləmək mümkündür. Assosiasiyaya üzv olmaq istəyənlər rəsmi internet səhifəmizə daxil olmaqla, müvafiq bölmədə qeydiyyatdan keçə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR