Keçən il dövlət büdcəsi xərclərini 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib

Keçən il dövlət büdcəsi xərclərini 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib
# 17 mart 2023 11:27 (UTC +04:00)

“İqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin Hökumət qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub: “2022-ci ildə minimum əmək haqları 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Həmçinin minimum pensiya məbləği 20%, sosial müavinətlər və Prezident təqaüdləri 26% artırılıb. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33% təşkil edib. Ümumilikdə, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.

Prezident tərəfindən 2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilib. Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR