Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair qaydaları pozanlar cərimələnəcək

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair qaydaları pozanlar cərimələnəcək
# 05 iyul 2022 14:43 (UTC +04:00)

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsinə görə yeni cərimə müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcək. Eyni zamanda, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə yeni cərimələr də müəyyənləşib.

Beləliklə, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücümlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına dair tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığının təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.

Qeyd edək ki, bu tələblərin pozulmasına görə inzibati xətalar haqqında işlər üzrə protokol Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri), Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, (onun müavini) tərəfindən tərtib ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR