KTM: Yaz aylarında küçələrdə açıq satışda olan qidalar ishala səbəb ola bilir

KTM: Yaz aylarında küçələrdə açıq satışda olan qidalar ishala səbəb ola bilir
# 07 iyun 2023 09:44 (UTC +04:00)

“Yaz aylarında havaların isinməsilə əlaqədar əsasən qidalar vasitəsilə yayılan mikroorqanizmlər ishallara səbəb ola bilir”.

APA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyib.

Həkimin sözlərinə görə, bu aylarda mümkün qədər ev qidalarına üstünlük vermək lazımdır: "Çünki havalar isindikdən sonra qidaların tez xarab olması, onların hazırlanma qaydalarına riayət edilmədikdə daha tez sıradan çıxması və mikroorqanizmlərdən təmizlənməməsi ishallara səbəb olur. Yaz aylarında əhali arasında təkcə bakterial infeksiyalara yox, həmçinin virus mənşəli ishallara da sıx rast gəlinir. Virus mənşəli ishallarda adətən biz çox temperatur görmürük, ishal bir həftəyə qədər davam edə bilir”.

O qeyd edib , boğaz ağrıları ilə müşahidə olunan adenovirus mənşəli viral infeksionlara da sadəcə qış aylarında deyil, yaz aylarında da, xüsusən mayın sonu, iyunun əvvəllərində rast gəlmək olur: “Bu zaman yüngül temperatur, baş ağrısı, boğaz ağrısı, burun ağrısı, qusma, ishal müşahidə oluna bilər”.

Həkim sözügedən aylarda daha çox ev qidalarına üstünlük verməyin məsləhətli olduğunu qeyd edib: “Daha çox lifli qidalara, evdə bişmiş qidalara üstünlük verilməlidir. Az bişmiş ətdən və ət məhsullarından, xüsusən suşi kimi az bişmiş və bişməmiş balıq məhsullarından, kremli, mayonezli salatlardan isti aylarda çox istifadə etməmək məsləhətlidir. Çirkli ərazilərdən tutulan və az bişmiş dəniz məhsullarından uzaq durmaq məqsədəuyğundur. Süd məhsullarından istifadə edərkən diqqətli olmaq, yumşaq pendirləri tükətməmək, pendirin hazırlanma şəraitinə diqqət etmək lazımdır”.

Həkim bildirib ki, isti aylarda bölgələrə və ya xarici ölkələrə səyahət zamanı təmizliyindən əmin olmadığımız sulardan içməmək, yeməklərdə bu sulardan istifadə etməmək və bu sularla çimməmək məsləhət görülür. Küçələrdə açıq satışda olan qidaları istifadə etməmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR