Lənkəran şəhərinə Aİ-nin layihəsi üzrə qalib elan olunmasına görə 300 min avro ayrılıb - FOTO

Lənkəran şəhərinə Aİ-nin layihəsi üzrə qalib elan olunmasına görə 300 min avro ayrılıb - FOTO
# 23 sentyabr 2022 15:26 (UTC +04:00)

Lənkəranda Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən “EU4Culture” layihəsi çərçivəsində qalib şəhərin elan olunması ilə bağlı tədbir keçirilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “EU4Culture” layihəsinin komanda heyəti iştirak edib.

Qeyd olunub ki, Aİ tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət, yaradıcı sektoru dəstəkləmək məqsədilə 2021 - ci ilin iyun ayında, ümumi büdcəsi 40 milyon avro olan “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi elan edilib. Bu layihə Avropa İttifaqı tərəfindən hazırlanan ən böyük mədəniyyət proqramlarından biridir.

Müsabiqəyə Azərbaycan Respublikası üzrə səkkiz şəhər müraciət edib. Bunlar Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Xırdalan və Şəki şəhərləridir. Lənkəran şəhəri üçün müraciət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi vasitəsilə həyata keçirilib. Layihə çərçivəsində Aİ-nın dəstəyi ilə ötən aylar ərzində bu şəhərlərin mədəniyyətinin inkişafına yönələn mədəniyyət inkişaf strategiyaları hazırlanıb. Üç mərhələdən ibarət olan və bir neçə ay davam edən müsabiqənin ölkə üzrə qalibi artıq məlumdur. Qalib seçilən şəhər üçün yazılan strategiyanın icrasına Aİ tərəfindən 300.000 avroya qədər vəsait ayırıb. Strategiya 2 il ərzində icra ediləcək. Maliyyə dəstəyi ilə yanaşı, layihə çərçivəsində qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönələn dəstək və təlim proqramları keçiriləcək.

“Lənkəran Springs Hotel”də keçirilən tədbirdə qalib şəhərin adı açıqlanıb. Bu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi olub. 300.000 avro idarənin rəsisi Şahin Şahbazova təqdim olunub. Vəsaitin Lənkəranda mədəniyyətin inkişafına sərf olunacağı nəzərdə tutulub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ müxtəlif layihələrin həyata keçirilməsində yaxından, aktiv şəkildə iştirak edir, bu iş Azərbaycan hökuməti ilə tərəfdaşlıq şəklində icra olunur: “Bu, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında olan vacib tərəfdaşlığımızın ən vacib komponentlərindən biridir. Mədəniyyətin inkişafı, gənclərin inkişafı, iqtisadi inkişaf deməkdir. Ümumilikdə cəmiyyətin özünün inkişafı deməkdir. Bu strategiyanı hazırlamaqla Lənkəran bu müsabiqənin qalibi olub, bu isə o deməkdir ki, öz mədəniyyəti ilə bağlı strategiyasını həyata keçirtmək üçün 300.000 avro qrant vəsaitini qazanıb”.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR