Lənkəranda fermerlər yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib - FOTO

Lənkəranda fermerlər yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib - FOTO
# 19 aprel 2022 14:35 (UTC +04:00)

Lənkəranda sahibkar və fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda maarifləndiriliblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərinin iştirakı ilə Lənkəran Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilib. Görüşdə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, “Azərişıq” və “Azəriqaz” ASC-lərin nümayəndələri, cənub bölgəsinin sahibkar və fermerləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yanğın təhlükəsizliyi ilə əlaqədar hər kəsi diqqətli olmağa çağırıb, qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək, yanğınların böyük əksəriyyətinin bilavasitə insan faktoru ilə əlaqədar olduğunu bildirib. Nazir müavini bəzi şəxslərin taxıl biçildikdən sonra sahəni yandırdıqlarını və bunun məhsuldarlığa xeyri olduğunu düşündüklərini, əslində isə bunun əksinin baş verdiyini qeyd edib. Firdovsi Əliyev həmçinin bildirib ki, bu il “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə 360 hektar ərazidə 660 minə yaxın ağac tingi əkilib. Əkilən tinglərin arasında meşə cinsli tinglər üstünlük təşkil edir. Bununla paralel, 8600-dək meşə cinsli və meyvə cinsli tinglər paylanılır. Bu proses aprelin sonuna kimi davam edəcək. IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu kampaniya çərçivəsində ötən il 2 milyon ting əkilib. Bu proses işğaldan azad olunan ərazilərdə də davam etdirilir.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə çıxışında sahibkar və fermerlərə təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin statistikasını diqqətə çatdırıb. Nazir müavini tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Baş nazir tərəfindən əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə sərəncam imzalanıb. Bu sərəncama uyğun olaraq, ölkə üzrə insanların kütləvi toplaşdığı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi, əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər cəzalandırılacaq.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin əməkdaşları çıxışları zamanı bildiriblər ki, əkin sahələrinin yandırılması yolverilməzdir, bu cür hallar qanun pozuntusu olaraq məsuliyyət doğurur. Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR