Lənkəranda gender bərabərliyi ilə bağlı təlim keçirilir

Lənkəranda gender bərabərliyi ilə bağlı təlim keçirilir
# 29 iyul 2022 14:19 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi media nümayəndələri, bloqerlərin iştirakı ilə ”Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqların artırılması” mövzusunda təlim keçirir.

APA xəbər verir ki, Lənkəran şəhərində keçirilən 3 günlük təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat veriblər.

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev təəssüflə qeyd edib ki, hazırda Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir. BMT-nin Əhali Fondu 10 ildən artıqdır ki, oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir. Biz bu fenomenlə mübarizə üçün müxtəlif səviyyələrdə işləyirik. Vurğuladığım kimi, əsas prioritetlərimizdən biri Azərbaycanda mövcud olan bu ciddi problemi daha geniş miqyasda müzakirə etmək, həm problemin mövcudluğu, həm də qarşısı alınmazsa, onun səbəb ola biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq, eyni zamanda qız uşaqlarının dəyərini təşviq etməkdir. Qeyd etməliyəm ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün “dördüncü hakimiyyət” hesab edilən media sektorunun da bu işə töhfəsi çox əhəmiyyətlidir”.

İştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışıblar.

Təlim zamanı BMT-nin Əhali Fondu təlim iştirakçıları arasında müsabiqə elan edib. Belə ki, təlimdə iştirak edən və müsabiqəyə qatılan media nümayəndələri dərc və ya nümayiş etdirdikləri ən yaxşı yazı və ya video materialı müsabiqəyə təqdim etməlidirlər. Birinci yerin qalibi Türkiyədə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq, ikinci və üçüncü yerin qaliblərinə isə pul mükafatları təqdim olunacaq. Qeyd olunub ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR