Lerikdə Mərakeş çəyirtkələri yayılıb - FOTO

Lerikdə Mərakeş çəyirtkələri  yayılıb - FOTO
# 01 iyun 2023 11:36 (UTC +04:00)

Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə yayılıb. Çəyirtkələrin hektarlarla taxıl və əkin sahələrini məhv etmək təhlükəsi yaranıb.

APA-nın cənub bürosu xəbər verir ki, bir neçə gündür Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb. Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər. Onlar ziyanvericilərə qarşı qısa müddət ərzində tədbir görülməsə, əkdikləri məhsulların məhv olacağından narahatdırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə və fumiqasiya mərkəzin rəisi Ceyhun İbrahimov APA-ya bildirib ki, ərazidə kütləvi şəkildə Mərakeş çəyirtkələri yayılıb: “Əvvəlki illərin müşahidələrinə əsasən burda ümumiyyətlə, çəyirtkənin miqrasiyası müşahidə edilməyib. Ərazidə çəyirtkələrin yaranması keçən ilki nəsildən yetkin fərdlərin miqrasiya edərək bu ərazidə kütləvi şəkildə yumurta qoyması ilə bağlıdır. Bu çəyirtkələr məhz həmin yumurtalardan çıxan çəyirtkələrdir. Hazırda onların məhv edilməsi işləri aparılır. Çəyirtkələr məhv edildikdən sonra gələcəkdə bir daha müşahidə edilməyəcək".

Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda ziyanvericilər 50 hektara yaxın əkin sahəsinə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR