Lerikdə torpaq sürüşməsi olub - FOTOLENT

Lerikdə torpaq sürüşməsi olub - FOTOLENT
# 18 yanvar 2023 10:38 (UTC +04:00)

Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, son günlər bölgəyə yağan güclü qarın əriməsi dağətəyi ərazilərdə sürüşmə zonalarını yenidən aktivləşdirib. Lerik rayonunun Hamarmeşə kəndində aktiv sürüşmə kənd sakinləri Rauf Əhmədov və Fərman Haşımovun həyətyanı sahələrində müşahidə olunub.

Torpaq qatı sürüşərək Rauf Əhmədovun yaşadığı evin divarlarına qədər çatıb. Evdə çatlar əmələ gəlib. Bu vəziyyət, ətrafda yaşayan sakinləri də narahat edir. Onların sözlərinə görə, kənd məktəbinə gedən əsas yol da sürüşməyə məruz qalıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov APA-ya bildirib ki, aidiyyəti orqanlar bu barədə məlumatlıdırlar: "Hamarmeşə kənd sakini Əhmədov Rauf Rakif oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib. Həmin yaşayış evinə rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib, müvafiq qaydada akt tərtib edilib. Tərtib edilən sənədlər evə təkrar baxış keçirilməsi üçün İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib. Baş vermiş torpaq sürüşməsi fərdi yaşayış evinin gələcək istismarı üçün təhlükə yaradıb. Eyni zamanda Hamarmeşə kənd tam orta məktəbinə gedən yol və həmin istiqamətdə yerləşən bir neçə fərdi yaşayış evinin yolu da sürüşmə ərazisindən keçir. Bu da gediş-gəlis üçün çətinliklər yaradır".

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev APA-ya açıqlamasında bildirib ki, Agentlik nümayəndələri sözügedən əraziyə gediblər.

Qeyd edək ki, aktiv sürüşmə zonası olan yoldan 200-ə yaxın ailə istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR