Leyla Əliyeva Bakıda yenilənən növbəti həyətin açılışında iştirak edib - FOTO

Leyla Əliyeva Bakıda yenilənən növbəti həyətin açılışında iştirak edib - FOTO
# 28 dekabr 2021 18:51 (UTC +04:00)

Dekabrın 28-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib, uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Nizami rayonu, Qara Qarayev prospekti 12, 14, 16, 18, Özbəkistan küçəsi 8, 6, Azər Manafov küçəsi 3, 5, Kamil Balakişiyev küçəsi 8a, 11, 15 ünvanlarında 1400 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol və basketbol stadionu, şahmat meydançası, tennis masası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, isti günlərdə uşaqların əylənməsi üçün fəvvarə tikilib, 300 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 11 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 450 ədəd müxtəlif növ ağac və kollar əkilib, 4000 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR