Mehman İsmayılov: “Sosial şəbəkələrdə dini kimliklə bağlı müzakirələrin çox hissəsi mahiyyətdən uzaq olur”

Mehman İsmayılov

© APA | Mehman İsmayılov

# 07 avqust 2022 15:27 (UTC +04:00)

“Hər bir cəmiyyət müxtəlif inkişaf mərhələlərindən keçir. Azərbaycan cəmiyyəti də müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və s. cəhətlərdən olduğu kimi, kimlik, mentalitet və s. yönlərdən də müəyyən mərhələlərdən keçib və keçməkdədir. Kimliklə bağlı olan mərhələdə bu kimliyin tərkib hissəsi olan dini kimlik məsələsi son dərəcə önəmli məsələdir”.

Bunları APA-ya açıqlamasında DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bildirib.

Direktor qeyd edir ki, hər dəfə din və ya dini mənşəli bir hadisə baş verdikdə, mətbuatda, gündəlik həyatda, sosial şəbəkələrdə dini kimliklə bağlı müzakirə və mübahisələr artır, bunların az hissəsi sağlam və faydalı mübahisə və müzakirələr olsa da, çox hissəsi mövzunun mahiyyətindən uzaq və əsaslandırılmamış olur:

“Din bir reallıqdır. Son iki əsrdə baş verən hadisələr dinin cəmiyyətdəki rolunu zəiflətsə də, o özünü yeniləyərək cəmiyyətdəki aktuallığını qoruyub saxlayır. Bu cəmiyyətdən cəmiyyətə dəyişsə də, hər bir halda din cəmiyyətlərdə həyatın içindədir. Din sosial inteqrasiyaya mane ola bildiyi kimi, sosial inteqrasiyanı təmin də edir. Hətta ikinci yönü birincidən daha çoxdur. Din həm də kimliyin qorunub saxlanmasında mühüm yerə sahibdir. Qlobal dünyada kimlik krizislərinin həllində dinin rolu danılmazdır.

Dünyada olduğu kimi, ölkəmizdə də son iki əsrdə din ona ciddi təsir baxımdan bir çox hadisələrin şahidi olub. Modernləşmə, sosializm, qloballaşma və s. dinin tarixboyu qarşılaşdığı və ciddi təsirləndiyi əsas faktorlardır. Müstəqilliyimizin bərpası ilə dini həyatda da bir çox yeniliklər baş verdi. Qanunvericilikdən dini ibadətgahlara, dini tədrisdən din xadimlərinin maddi təminatına qədər bu sahədə bir çox dəyişikliklər olmuş, din və dövlət, din və cəmiyyət münasibətləri müxtəlif mərhələlərdən keçmişdir.

Dini radikalizm, dini fanatizm məsələlərinə hər zaman iki tərəfdən baxmaq lazımdır. Birincisi radikalizmə, fanatizmə səbəb olan dini səbəblər, ikincisi dindən qaynaqlanmayan, şəxsin ümümdünyagörüşü, şəxsi kimliyi, mentaliteti və s. ilə əlaqəli səbəblər. Uzun illərdir din sahəsində çalışan biri kimi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, dini radikalizm, dini fanatizm və dini ekstremizmin meydana gəlməsində daha çox ikinci səbəblər rol oynayır”.

Mehman İsmayılov onu da vurğulayır ki, din mənşəli müzakirə və mübahisələrdə çox vaxt təəssüf ki, daha çox aqressiyanın, radikalizmin, nifrətin və cəhalətin dindarlaşması (become religious) və ya antidindarlaşmasının (become antireligious) şahidi oluruq:

“Din mərkəzli müzakirə və mübahisələr dini mətnlər və ya dini yozumlardan uzaq qalaraq daha çox şəxsi prizmalara söykənir. İndiyə qədər hər hansı bir ilahiyyatçı, dinşünas və din xadiminin Azərbaycanlı müfəssir və Quran tərcüməçisi Mövlazadə Şəkəvinin cəfəri məzhəbinə mənsub olmasına baxmayaraq, "Kitabul-Bəyan" adlı əsərində Əbu Bəkir, Ömər və Osmanın adından sonra hər dəfə "radiyallahu anh-Allah ondan razı olsun" ifadəsinə yer verməsini söylədiyinə bə ya hardasa yazdığına rast gəlməmişəm. Halbuki bu həm ölkədəki dini tolerantlıq, həm də ümümdünya müsəlmanları arasında məzhəb yaxınlaşması baxımından təbliğinə ehtiyac duyulan son dərəcə mühüm məsələdir. Sosial şəbəkələrdəki dini statuslarda Quranın "Fəstəbiqul-xəyrat"-"xeyirli işlərdə bir-birinizlı yarışın" ayəsini heç görmürük. Amma hər il orucluqda ayın görünüb-görünməməsi ilə bağlı yüzlərlə statuslar yazılır”.

Antidin mövqeyindən çıxış edənlərə gəldikdə isə Mehman İsmayılov onların bir çoxu da əsaslandırmadan və səthi biliklərdən çıxış etdiyini söyləyir:

“Müasirliyi dini təhqir etmək kimi başa düşmək qeyri-müasir bir baxışdır Dünyagörüşü, bilikləri tənqidə yox təhqirə, tolerantlığa yox fanatizmə çatan insanlar dini müzakirə və mübahisələrə qatılmaqla təhqirin, fanatizmin və s. antidin mövqeyindən çıxış etməsinə səbəb olurlar. Bunlar da öz növbəsində statuslarında şəhidliyi ən uca məqam seçən və Şuşa məscidində yan-yana namaz qılan fərqli əqidəli dindarlarımız barədə heç nə yazmırlar.

İnsan inandığı, öyrəndiyi, bildiyi bir şeyin ən doğrusu olduğunu iddia etməyə meyillidir.

Əlbəttə sorğu-sual, təhlil, analiz, müzakirə və s. inkişafın parametrləridir və bunların cəmiyyətdə yerləşməsi o cəmiyyətin tərəqqisi ilə yaxından əlaqəlidir. Lakin sağlam, əsadlandırılmayan, faydasız fikirlər bu parametrlərin xaricindədir və çox zərərlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR