Mərkəz direktoru: “Düzgün olmayan məsləhət intihar fikri formalaşdıra bilər” - MÜSAHİBƏ

Fuad İsmayılov

© APA | Fuad İsmayılov

# 01 iyul 2022 15:27 (UTC +04:00)

Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun APA-ya müsahibəsi

- Ölkəmizdə hansı psixi xəstəliklər daha geniş yayılıb?

- Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış xəstəliklər siyahısına depressiya, təşviş, adaptasiya pozuntuları aid edilir. Eyni zamanda, müharibədən sonra post-travmatik stress pozuntusu artıb. Psixi xəstəliklərin statistikasına xəstəliklərin aşkar olunması və psixi sağlamlıq xidmətlərinin inkişafı təsir edir. Psixi sağlamlıq xidmətləri nə qədər yaxşı inkişaf edərsə, xəstəliklərin aşkar olunması bir o qədər mümkün olur.

- Psixi Sağlamlıq Mərkəzinə son zamanlar ən çox hansı problemlərlə bağlı müraciət edirlər?

- İlk növbədə onu qeyd edim ki, müraciət edən hər qrup şəxsin özünəməxsus problemləri var. Məsələn, müraciət edən uşaqlarda ən çox davranış və əqli inkişafla bağlı problemlərə rast gəlinir. Qazilərdə müharibənin qoyduğu fəsadlarla bağlı problemlər, ağır psixi xəstəliklərdən əziyyət çəkən şəxslərdə tez-tez psixo-sosial problemlər aşkar edilir. Həmçinin müraciətlər arasında işə, ailə münasibətlərinə, təhsilə, gündəlik həyata mənfi təsir edən müxtəlif psixoloji problemlər müşahidə olunur. Problemlərin müxtəlifliyindən asılı olmayaraq, göstərilən yanaşma fərdi olmalıdır. Məsələn, eyni diaqnozlu iki şəxsin müalicəsində hər birinə uyğun və daha yaxşı təsir göstərən dərman preparatları seçilməlidir. Hər bir şəxs individual psixo-terapevtik yanaşma görməlidir.

- Müasir dövrümüzdə psixi xidmətlərdən biri də art-terapiyadır. Bu müalicə üsulu özünü doğruldur?

- Art-terapiya həqiqətən xəstələrin reabilitasiya və müalicəsində çox effektiv üsullardan biri hesab olunur. Bəzi hallarda, xüsusilə uşaqlarla iş zamanı art-terapiya əvəzolunmaz müayinə və müalicə üsuludur. Məhdud mənada art-terapiya yalnız rəsm imkanlarını əhatə edir, lakin geniş mənada bu üsula incəsənətin bütün sahələri aiddir: musiqi, dram, rəsm, rəqs, heykəltəraşlıq, toxuculuq və s. Art-terapiyada əsas məqam odur ki, onunla məşğul olan şəxs psixoloji problemlərinə qalib gəlməyi bacarır və onun həyatı mənəvi cəhətdən daha çox zəngin olur.

- Pandemiyanın və müharibənin insanların psixoloji durumuna təsirini necə qiymətləndirərdiniz?

- Bu suala dəfələrlə cavab vermişəm və çox qayıtmaq istəmirəm. Ölkəmiz hər iki çətinlikdən üzü ağ çıxıb, artıq həmin dövrdəki çətin etapları keçmişik, təbii ki, o dövrdə səhiyyə orqanı olaraq öhdəmizə düşən bütün vəzifələri layiqincə yerinə yetirmişik. Bu məsələ ilə bağlı 3 məqamı xüsusilə vurğulamaq istəyirəm: Birinci, səhiyyə sistemi pandemiya və müharibə dövründə görülən işlərlə bağlı böyük təcrübə qazanıb. İkincisi, bu təcrübə beynəlxalq və ölkədaxili qurumlararası əməkdaşlığın möhkəmlənməsinə birbaşa səbəbdir. Üçüncüsü isə səhiyyə sistemində islahatların istiqamətləri daha aydın olub.

- Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım etdiyiniz “İnam” çağrı mərkəzinin fəaliyyəti ilə bağlı son vəziyyət necədir, statistika təqdim edə bilərsiniz?

- 2021-ci ilin yanvar ayından etibarən ölkənin bir çox mərkəzi rayonlarında Səhiyyə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələri və qazilərə xidmət məqsədilə psixoloji yardım mərkəzləri yaradılıb. Əlimizdə olan statistik məlumata əsasən, bu mərkəzlərə həftə ərzində təxminən 200-ə yaxın şəxs müraciət edir. Keçən illə müqayisədə müraciət olunan rəqəm sayında azalma qeyd edilir, hansı ki bu yaxşı hal hesab olunur. Hazırkı müraciətlərin əsas hissəsini uzunmüddətli və daha ağır psixi pozuntulardan əziyyət çəkənlər təşkil edir.

- İntiharların qarşısı necə alınmalıdır, məcazi anlamda desək, intiharlara qarşı kütləvi immunitet yaratmaq mümkündür?

- Bütün dünyada intihar psixi sağlamlıq sahəsində böyük problem olaraq qalır. İntiharlarla mübarizədə kütləvi informasiya vasitələri böyük rol oynaya bilər. Hər hansı intihar hadisəsi KİV-də sensasiya yaradacaq hal kimi çoxsaylı tirajla yayımlanmamalı, əksinə KİV vaxtaşırı sosial çağırışda köməklik göstərməlidir. Bu köməkliyə psixi sağlamlıq xidmətlərinə müraciətin vacibliyinin qeyd olunması önəmli məqamdır. Eyni zamanda, KİV psixi sağlamlıq sahəsində məlumatlandırmada, düzgün informasiyanın ötürülməsində əsas bənd hesab oluna bilər. Psixi sağlamlıq xidmətlərinə müraciətdə stiqma ilə mübarizədə KİV-in imkanları genişdir.

- Biz intihar yaşının cavanlaşdığını görürük, bunun səbəbi nədir?

- Yeniyetmə və gənclik dövrü insanların həyatında əhəmiyyətli dəyişikliklərin baş verdiyi dövrdür, bunların arasına abituriyentlik, hərbi xidmət, romantik münasibətlər, ilk iş fəaliyyətinin başlanğıcı, daha geniş sosiallaşma düşür. Lakin həmin yaşlarda gənclərin üzləşdiyi problemləri həll etməyə həyat təcrübəsi kifayət etmir.

Bu yaşlarda sosial şəbəkələrdən asılı dərəcədə istifadə nəinki problemi həll edir, əksinə daha da ağırlaşdıra bilir. Düzgün olmayan məsləhətlər, yanlış məlumatlar şəxsin əgər fikrində yox idisə belə, intihar fikri formalaşdıra bilər. Böyük yaşlı şəxslərdən fərqli olaraq gənc yaşlı şəxslər problemlərini daha az bölüşür, yardım axtarmırlar. Son illərdə narkotiklərin gənclər arasında istifadəsi də əfsus ki, artıb, bu vəziyyət də intihar davranışlarını artırmağa göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR