Milli Məclisdə Gənclər Gününə həsr edilmiş ictimai dinləmə keçirilib

Milli Məclisdə Gənclər Gününə həsr edilmiş ictimai dinləmə keçirilib
# 02 fevral 2023 12:58 (UTC +04:00)

Bu gün Milli Məclisdə “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı 2 Fevral Gənclər Gününə həsr edilmiş ictimai dinləmə keçirilib.

APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib ki, Heydər Əliyevin fərmanı ilə 1994-cü il 26 iyulda gənclər siyasətinin həyata keçirilməsinə məsul mərkəzi qurum - Gənclər və İdman Nazirliyi yaradılıb. Bu, həmin mürəkkəb dövründə vacib bir qərar idi. İkincisi, Ulu öndərin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Bu forum müasir Azərbaycanda gənclər siyasətinin inkişafına həlledici təkan verib. Forum dövləti və gəncliyi bir araya gətirən vacib platformaya çevrilib. Üçüncüsü, 1997-ci il 2 fevral tarixli sərəncamla Ulu öndər 2 fevralı Azərbaycan Gəncləri Günü elan edib. Beləliklə, Ulu Öndər dövlət və gəncləri birləşdirən həmin platformanı mühüm bir ənənəyə çevirib. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər siyasətini zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclər sektorunun tərəqqisinə önəmli töhfələr verir: "Prezidentimizin də qeyd etdiyi kimi, torpaqların azad olunması uğrunda ölümün üzünə dik baxan gənclərimiz azad olunan yerləri ilk dəfə görürdülər. 44 günlük müharibədə Azərbaycan ordusunda heç bir fərarilik halına rast gəlinmədi. Çünki bu illər ərzində vətənpərvərlik ruhunda gənclik yetişmişdi və onlar canları bahasına torpaqları azad etməyə hazır idilər”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, müstəqil Azərbaycanın gənclərini Vətən müharibəsində gördük: “Bizim gənclər bütün sahələrdə uğur qazanır. Azərbaycan dövləti gənclərin yanındadır”.

Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov vurğulayıb ki, könüllülüyün ən yaxşı nümunəsi Vətən müharibəsində göz önündə idi: “Hər bir ölkənin milli atributlarında da biri himndir. Biz himnimizdə də gənclərə verilən dəyəri görürük. “Cümlə gənclər müştaqdır” ifadəsi buna bariz nümunədir. Gənclər Fondunun da məqsədi gənclərin inkişafına şərait yaratmaqdır. Azərbaycanın gənclər siyasəti və gənclər modeli bu gün dünyada tanınır. Könüllülük gənclərin inkişafı üçün çox vacibdir. Buna "qarşılıqlı yardımlaşma" da demək olar. 25-dən çox könüllülər təşkilatı mövcuddur”.

Tədbir çıxışlarla davam edib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR