MM-də qazilərin problemlərinin həlli və şəhid adının əbədiləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib

MM-də qazilərin problemlərinin həlli və şəhid adının əbədiləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib
# 30 sentyabr 2022 12:40 (UTC +04:00)

“Azad olunmuş ərazilərin əhalisinin bəziləri qeydiyyatdan çıxıb və Bakı qeydiyyatına düşüb. Onlar yenidən öz yerlərində qeydiyyata düşmək istəyirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, digər bir problem qazilərlə bağlıdır: “Qazilərin sayını artırmaqla, şişirtməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Burada qazilərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Təklif edirəm ki, bu say diqqətlə araşdırılsın və dəqiq rəqəm geniş formada verilsin. Bəzən intihar edənlərin qazi olması ilə bağlı məsələ gündəmə gəlir, araşdırılır ki, qazi deyil. Yaxud mənim təmsil etdiyim dairədən bir nəfər intihar etmişdi. Amma biz onun intiharının səbəbini bilirik. Yenə də sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışdılar.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, qazilərin bu gün çoxlu problemləri var: “Qaziləri qəbul edənlə onlar diqqətlə yanaşsınlar. Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm. Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir. İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Onların bu duyğusunu öldürmək olmaz.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov nəzərə çatdırıb ki, Qazax rayonunda 51 şəhid var, hər birinin ailəsinə xüsusi diqqət və qayğı göstərilir: “Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər. Biz torpaqlarımız işğaldan azad etmişik, ancaq təhlükə var. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”.

Deputat Məlahət İbrahimqızı deyib ki, iki il əvvəl tükənməz sevinc yaşayırdıq, azad olunan torpaqların müjdəsini eşdirdik. Amma digər tərəfdən şəhidlərin dəfnində, yas mərasimində iştirak edirdik: “Heç bir ölkədə şəhid ailələrinə, qazilərə bu qədər diqqət yoxdur. Biz şəhid adlarının əbədiləşdirilməsinə diqqət yetirməliyik. Təmsil olunduğum Nəsimi rayonunda 3 yüksək ordenə layiq görülən şəhidimiz var, 4 küçəyə şəhidlərin adı verilib. Amma bu günə qədər həmin küçələrə nə ad yazılıb, nə barelyef qoyulub. Bu səlahiyyət Əmlak Məsələləri Dövlət Xidmətidir, amma bunu etməyiblər. 3 şəhidin 3-ü də ailənin tək övladıdır. İnanıram ki, əlaqədar qurumları bu məsələyə diqqəti artıracaqlar. Digər tərəfdən, medalı, ordeni tələblərə cavab verməyən şəhidlərimiz var. Küçəyə olmasa da, hansısa auditoriyaya şəhidlərin adı verilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR