Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam imzalayıb
# 18 iyun 2019 19:31 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR