MM komitə sədri: “Azərbaycanda uşaqlar dövlətin xüsusi qayğısı ilə əhatə olunub”

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

# 01 iyun 2022 19:04 (UTC +04:00)

“Bu gün Beynəlxalq Uşaq Günüdür. Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri də məhz uşaqlara diqqət və qayğıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, himayə olunması, sağlamlıqları, təhsil məsələləri hər zaman dövlətin diqqət mərkəzindədir: “Ümummilli lider Heydər Əliyev uşaqların, xüsusən valideyn himayəsindən məhrum, valideynləri xəstə və sosial müdafiəyə ehtiyacı olan bu qəbildən digər uşaqların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalayıb, “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Ümummilli lider Heydər Əliyev hər zaman ya Novruz bayramı, ya da Yeni il şənliyini sosial müdafiəyə ehtiyacı olan uşaqlarla - internat evlərindəki uşaqlar, məcburi köçkün uşaqlar, şəhidlərin, qazilərin uşaqları ilə bir yerdə keçirərdi. Heydər Əliyev bir dəfə valideyn himayəsindən məhrum olan uşaqlara tarixi bir söz dedi. Dedi ki, siz elə bilməyin ki, valideyniniz yoxdur, sizin valideyniniz Azərbaycan dövləti, Azərbaycan Prezidentidir. Həmin siyasət Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Parlamentin komitə sədri qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilib, yüzlərlə uşaq evləri, uşaq bağçaları əsaslı şəkildə təmir edilib, yenidən qurulub: “Azərbaycan dövləti də gənclərin təhsili və məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı daim ardıcıl tədbirlər həyata keçirib. Bir çox uşaq xəstəlikləri var ki, onların müalicəsini dövlət tamamilə öz üzərinə götürüb. Talessemiya, hemofiliya, autizm, Daun sindromlu uşaqların sosial müdafiəsi birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır”.

Musa Quliyev nəzərə çatdırıb ki, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı 12 növ sosial müavinət var: “Bura valideyn himayəsini itirməyə, əlilliyə, uşağın atasının hərbi xidmətdə olmasına görə və digər müavinətlər var. Yəni 12 istiqamət üzrə uşaqlara müavinət təyin olunub. Uşaqların qayğısız və sağlam böyüməsi üçün Prezidentin tapşırığı ilə hər il tam dövlət vəsaiti hesabına uşaqların icbari dispanserizasiyası həyata keçirilir. Bununla bağlı qanun da qəbul olunub. Eyni zamanda uşaqların təhsil səviyyəsinin yüksəldilməsi, xüsusən istedadlı uşaqlarla bağlı xüsusi dövlət proqramı var. Həmin proqram çərçivəsində uşaqlara hər cür təminat verilir. Bu uşaqlara xüsusi təqaüdlər verilir, xarici ölkələrdə nüfuzlu təhsil müəssisələrində təhsil almaları təmin olunur. Hər il Prezident ali məktəblərə yüksək qiymətlərlə qəbul olunan abituriyentləri qəbul edir, onlara müvafiq təqaüdlər təyin edilir. O cümlədən bir çox kateqoriyadan olan uşaqlar dövlət vəsaiti hesabına təhsil alırlar. Bura şəhid ailələrinin, Qarabağ qaziləri, məcburi köçkün, valideyn himayəsindən məhrum olan, əlilliyi olan və digər uşaqlar daxildir”.

Parlamentin komitə sədri Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı 50-dən çox qanun qəbul edildiyini də xatırladıb: “Uşaqlar hər bir millətin, dövlətin gələcəyidir. Uşaqlar nə qədər sağlam, vətənpərvər böyüyərsə, kreativ düşüncə tərzinə malik olarlarsa, nəticədə Azərbaycanın gələcəkdə böyük insan kapitalı formalaşacaq. 44 günlük Vətən müharibəsi də göstərdi ki, uşaqlara, gənclərə zamanında göstərilən diqqət və qayğı, düzgün münasibət Azərbaycanın şanlı tarixinin yazılmasında əsaslı rol oynadı. Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışında bəyan edib ki, Qarabağı, Şuşanı işğaldan azad edən gənclərin çoxu məhz onun prezidentliyi dövründə anadan olan, vətənpərvərlik ruhunda tərbiyə alan, böyüyənlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR