MM komitə sədri onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmasını təklif edib

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

# 20 sentyabr 2022 15:26 (UTC +04:00)

“Bu gün onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunmayıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri ilə dəfələrlə danışıb: “Bu gün ən çox narahatlıq doğuran məsələ budur. Amma onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır və ona görə də icbari tibbi sığorta bunun altına girə bilmir. Onkoloji xəstələrin müalicəsində hazırda istifadə olunan yeni dərmanların qiyməti çox yüksəkdir. Tək bu deyil, bu gün başqa sahələr, xəstəliklər var ki, icbari tibbi sığorta bunu əhatə etmir. Doğrudur, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Orqan və toxuma transplantasiyasının da bir hissəsini icbari tibbi sığorta üzərinə götürür. Bu, müsbət haldır. Biz növbəti dəfə İTSDA ilə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”.

Komitə sədri ölkədə koronavirusun vəziyyətinə də münasibət bildirib: “COVID artıq enməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır. Biz arxayınlaşmamalıyıq, ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID 19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR