Monitorinq Qrupu: Novella Cəfəroğlu və Osman Kazımovla bağlı xoşağəlməz çağırışlar bizi narahat edir

Monitorinq Qrupu: Novella Cəfəroğlu və Osman Kazımovla bağlı xoşağəlməz çağırışlar bizi narahat edir
# 06 sentyabr 2022 14:37 (UTC +04:00)

“Son günlər sosial şəbəkələrdə Müsavat Partiyasının iki ünlü üzvü - vəkil Osman Kazımova və hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı səslənən xoşağəlməz çağırışlar bizi narahat etməyə bilməz”.

APA xəbər verir ki, bu barədə hüquq-müdafiə təşkilatları monitorinq qrupunun bəyanatında bildirilib. Bəyanatda daha sonra deyilir:

"Sözdə tolerantlığı bəyan edən, lakin başqasının söylədiyi fikrə qarşı bolşevikcəsinə, dözümsüz yanaşanları biz çox görmüşük. Belə üsulların gələcək nəsillərə ötürməyin, cəmiyyətdə çaxnaşma, narazılıq, anlaşılmazlıq yaranmasının daima əleyhinə olmuşuq. Biz ölkədə korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına, insan hüquqlarının pozulmasına qarşı barışmaz mövqedə olmuşuq və bu cür neqativ halların aradan qaldırılmasında açıq dialoqun vacibliyini həmişə vurğulamışıq. Dövlətçiliyimizin qorunması və güclənməsi naminə cəmiyyətin bütün təbəqələri arasında siyasi dözümlülüyə, plüralizmə, tolerantlığa, qanunun aliliyinə söykənən dialoq platforması daima işləməlidir.

Azərbaycan bu gün öz gücünü, şücaətini, əzmini hərb meydanında göstərərək 44-günlük savaşda 30 il həstətində olduğumuz Vətən torpaqlarını azad etdi. Bununla yanaşı informasiya və diplomatiya sahəsində də qalibiyyət qazanaraq dünyaya haqlı olduğumuzu, beynəlxalq hüququn bizim tərəfdə olduğunu sübut edə bildik. Bu qələbəni bizə yaşadan müzəffər Ordumuza, Vətən uğrunda canlarından keçən şəhid oğullarımıza, qazilərimizə, Ali Baş Komandana təşəkkürlərimiz sonsuzdur. Bəli, biz qələbəni qazandıq, indi isə onu qorumaq, işğal altında bədəni cadar-cadar olmuş torpaqlarımızı sahmana salıb yeni nəfəs vermək, gözəl kənd və şəhərlər inşa etmək, yollar çəkmək, gələbəmizi sona qədər aparmaq ən vacib və ümdə vəzifəmizdir. Gənc nəslə üzümüzü tutub deyirik: bizim nəsil Azərbaycanın müstəqilliyinin bərpası, müqəddəs üçrəngli bayrağımızın başımızın üstündə dalğalanması naminə mübarizə aparan nəsil olub. Azərbaycanın gələcəyi isə sizin əllərinizdədir. Üzərinizə düşən öhdəliklərin ən vacibi müstəqilliyimizi göz bəbəyi kimi qorumaq , Vətəni daha da cazibəli etmək, onun inkişafına, rifahına ürəyinizi və əqlinizi sərf etmək, lazım gələndə isə düşmənə aman verməməkdir. Siz Azərbaycanın yeni şərəfli tarixini yazanlarsınız!"

Bəyənatı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR