Mülki müdafiə qoşunlarında Müstəqillik Günü qeyd olunub

Mülki müdafiə qoşunlarında Müstəqillik Günü qeyd olunub
# 27 may 2022 15:45 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində “28 May – Müstəqillik Günü” münasibətilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, hərbi hissələrdə keçirilən tədbirlərdə, əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissələrin inzibati binalarındakı büstü önünə əklil və gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulmasının ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə bilavasitə bağlı olduğunu qeyd ediblər. Vurğulanıb ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.

Tədbirlər çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət evinin əməkdaşlarının iştirakı ilə konsert proqramları da təşkil edilib, mədəniyyət işçilərinin bir qrupu hərbi hissə komandirləri tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR