Mülki müdafiə qoşunlarında qazilərlə görüş keçirilib - FOTO

Mülki müdafiə qoşunlarında Vətən müharibəsi qaziləri ilə görüş

© APA | Mülki müdafiə qoşunlarında Vətən müharibəsi qaziləri ilə görüş

# 27 aprel 2022 15:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarında (MMQ) Vətən müharibəsi qaziləri ilə MMQ-nin şəxsi heyətinin görüşü keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev Muzeyi” ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən AMEA-nın Tarix institutunun doktorantı, Milli Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov erməni vandalizmindən, erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin acı nəticələrindən söz açıb, II Qarabağ müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbənin Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməklə bərabər, həm də hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibədə təmin olunmuş bu Zəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında şücaətli Silahlı Qüvvələrimizin hünər salnaməsidir.

Vətən müharibəsi qaziləri - “Rəşadət” ordenli kəşfiyyatçı Amil Əbilov, “Şücaətə görə”, “Vətənə xidmətə görə” və üç rayonun azad edilməsinə görə medallarla təltif olunmuş Xanlar Məmmədəliyev və “Cəsur döyüşçü” və üç rayonun azad edilməsinə görə medallarla təltif olunmuş Ayaz Allahverdiyev çıxış edərək, Vətən müharibəsində hərbçilərimizin göstərdiyi şücaətdən, 44 günlük hərbi əməliyyatların gedişatında döyüş tapşırıqlarını yerinə yetirilməsilə bağlı xatirələrindən danışıblar. Vətən sevgisinin, torpağa məhəbbətin bu müharibədə qələbənin təmin olunmasında böyük rolu olduğunu söyləyən qazilər əsgərlərimizə hərbi xidməti bir şərəf borcu kimi yerinə yetirməyi, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməkdən qurur duymağı tövsiyə ediblər.

Tədbirin rəsmi hissəsindən sonra Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim edilib.

Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR