Naqif Həmzəyev: Qazla bağlı vahid tarifə keçilməsi daha yaxşı olardı

Naqif Həmzəyev, Milli Məclisin deputatı

© APA | Naqif Həmzəyev, Milli Məclisin deputatı

# 17 mart 2023 15:11 (UTC +04:00)

“Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri sığorta şirkətlərinin fəaliyyəti ilə bağlıdır”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, sığorta şirkətləri əhalini, xüsusilə də sürücüləri incidirlər: “Sürücülər sığortanı əldə etməkdə çətinlik çəkirlər. Digər vurğulanmalı olan əsas məsələ isə yeni sistemə keçdikdən sonra tibb xidmətlərin göstərilməsində qarşılaşdığımız nöqsanlardır. İcbari tibbi sığorta paketinə daxil olan xidmətlərin sayı artırılmalı, əhatə dairəsi genişləndirilməlidir. İnsanları narahat edən başqa bir məqam da sağlamlığa dair arayışın ödənişli əldə edilməsidir. Düşünürəm ki, bu istiqamətdə addımlar atılmalı, ən azından qiymətlər hər həs üçün daha əlçatan və münasib olmalıdır”.

Naqif Həmzəyev qeyd edib ki, digər məsələ isə sağlam həyat tərzinin təbliğ edilməsi və kütləviliyin təmin edilməsi üçün məhəllələrdə idman meydançalarının quraşdırılması işinin sürətləndirilməsidir: “Bahalı mərmər və ya tikinti materialları əvəzinə sadə idman alətlərini bütün yaşayış məntəqələrinin məhəllələrində yerləşdirmək mümkündür. Həmçinin orta məktəblərin idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur. Digər tərəfdən, ölkədə şəhərlərarası avtomobil yolları yaxşı, bəlkə də əla vəziyyətdədir. Ancaq eyni fikri daxili yollar haqında səsləndirmək mümkün deyil. Şəhər və rayonların, qəsəbələrin daxili yolların keyfiyyətli çəkilməsinə nəzarət zəruridir. Xüsusilə seçildiyim Gəncə şəhərində avtomobil idarə etmək müşkül məsələdir”.

Deputat əhalinin qaz limitinin olmasından narahat olduğunu da söyləyib: “Mart ayı olmasına baxmayaraq limiti keçmiş vətəndaşlarımız çoxdur. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Həmçinin bu gün çox sayda sosial evlər tikilir. Lakin həmin binalarda istixanalar yoxdur. Mərkəzləşdirilmiş istixanalar əhalinin kommunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR