Nardaran, Maştağa və Buzovnada yuxarı sinifdə oxuyan qızlara təlim keçilib

Nardaran, Maştağa və Buzovnada yuxarı sinifdə oxuyan qızlara təlim keçilib
# 01 noyabr 2022 12:19 (UTC +04:00)

Bakının Nardaran, Maştağa və Buzovna qəsəbələrində yerləşən məktəblərin yuxarı siniflərində təhsil alan qızlara davamlı təhsillə bağlı motivasiya dərsləri və liderlik təlimləri keçilib.

APA xəbər verir ki, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği" layihəsi çərçivəsində məktəbli qızlara sürət və informasiya əsrində davamlı və həyat boyu davam edən təhsilin önəmi barədə geniş bilgilər, motivasiya verilib. Eyni zamanda liderliklə bağlı interaktiv təlimlər keçilib.

Layihənin rəhbəri, Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva “Məktəbli qızlar üçün davamlı təhsil və liderlik" təlimlərinə yekun vurduqlarını qeyd edərək, Buzovnadakı 125, Nardarandakı 130 və 295, Maştağadakı 209 və 255 saylı məktəblərdə yuxarı sinif şagirdləri olan 100-dən artıq qıza davamlı və ömür boyu davam edən təhsilin önəmi barədə danışdıqlarını bildirib. “Onlara bu yöndə motivasiya dərsləri keçdik. Liderlik, karyera quruculuğu, özünü təqdim etmək bacarıqları, natiqliyin sirləri barədə vacib ipucları verdik. Biz yeniyetmə qızlarımızın beyninə gələcəkdə ölkəmiz, millətimiz və dünyamız üçün vacib olan toxumları səpdik. Onları cücərtmək, böyütmək, meyvələri yetişdirmək missiyası qızlarımızın üzərinə düşür. Dedik ki, həyatınıza missiya kimi baxın. Öz ayaqlarınız üzərində durmağı, kimsədən asılı olmadan yaşamağı öyrənin. Öncə özünüz, karyeranız, sonra ailəniz və çevrəniz. Sübut edin ki, azərbaycanlı qızlar öz beyinlərinin, iradələrinin gücü ilə çox şeyə, dünyadakı yaşıdları ilə uğurlu rəqabət aparmağa qadirdirlər”, - deyə o vurğulayıb.

Ü.Abdullayevanın sözlərinə görə, təlimlər qızlar tərəfindən həvəslə qarşılanıb, onlar təlimlərin nəticələrinin qiymətləndirilməsi üçün keçirilən testlərdə yüksək nəticələr göstəriblər.

Təlimlərin sonunda iştirakçılara yaddaş üçün materiallar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR