Naxçıvanda məktəbdə narazılıqla bağlı yaxın günlərdə qərar veriləcək - FOTO - YENİLƏNİB

Baba Əliyev, Turan Məmmədli

© APA | Baba Əliyev, Turan Məmmədli

# 02 fevral 2023 15:47 (UTC +04:00)

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin direktoru müəllimlərin narazılığına münasibət bildirib.

APA-nın Naxçıvan bürosuna bu barədə danışan Turan Məmmədli deyib ki, fevralın 1-də məktəbin kollektivinə təqdim edilib.

“Təqdimatdan sonra dərs hissə müdiri ilə birlikdə sinifləri gəzib, tanış olmuşuq. Şagirdlərin dərslərə davamiyyətini, geyim qaydalarını öyrənmişəm. Problem ondan yaranıb ki, niyə müəllimlərin kefini soruşmamışam... Sonra 18 ibtidai sinif müəllimi ilə görüş keçirib, söhbətlər apardıq. Hətta dedik ki, əl-ələ verib daha yaxşı işləyək. Daha sonra yuxarı sinif müəllimləri ilə də görüş oldu. Görüşdə heç bir təhqiredici ifadə və ya hər hansı bir problem olmadı. Orada sadəcə, müəllimlərin geyim qaydalarından, dərsə davamiyyətdən söhbət gedib. Digər məsələ, mən səhər məktəbə gəlib 11-ci siniflərin birində şagirdləri görmədim. Sinif rəhbəri dedi ki, uşaqlar gəlmir.

Bundan başqa, bir müəllimin 7-ci saat dərsi var idi, dedi, mən dərsi keçmək istəmirəm, işim var. Dərs hissə müdiri də təsdiq elədi ki, bu müəllimə ən çox dərs buraxan müəllimədir”, - o deyib.

Turan Məmmədli vurğulayıb ki, kabinetdə oturub iş gördüyü vaxt ona bildiriblər ki, müəllimlər dərsə girmək istəmir: “Yuxarı qalxdım, müəllimləri orda gördüm. Məhz bundan sonra hadisələr yaşanıb”.

Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev isə bildirib ki, 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra yekun qərar yaxın günlərdə veriləcək: “Məsələni yerində araşdırmaq üçün məktəbə gəldik. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov da məktəbdə müəllimlərlə görüş keçirdi, onların fikirlərini dinlədi. Daha doğrusu, hər iki tərəfin fikirləri eşidildi. Bunların hamısı müzakirə olunduqdan sonra qərar qəbul ediləcək. Məlumdur ki, Turan Məmmədli 14 ildir pedaqoji təcrübəyə malikdir və Babək rayon Payız kənd tam orta məktəbinin direktoru olub. Ola bilər, direktorla hər hansı müəllimin fikri üst-üstə düşməyə bilər. Yaxın günlərdə bu barədə yekun qərar veriləcək".

Qeyd edək ki, bəzi müəllimlər narahatlıq keçirdiyi üçün məktəbə təcili tibbi yardım çağırılıb.

***

13.13

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlərlə məktəb direktoru arasında mübahisə yaranıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, məktəbə yeni direktor təyin olunan Turan Məmmədli orada çalışan müəllimlərin dərs yükünü azaldıb.

Bununla yanaşı, onun müəllimlərlə davranış tərzinin də etiraza səbəb olduğu bildirilir.

Məlumata görə, məsələ ilə bağlı Naxçıvan MR təhsili naziri Rəhman Məmmədov məktəbə gəlib. Hazırda məktəbdə iclas keçirilir.

Qeyd edək ki, Turan Məmmədli həm də Naxçıvan MR Ali Məclisinin deputatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR