Naxçıvanda qarla bağlı əhaliyə müraciət olunub - FOTO - YENİLƏNİB

Naxçıvanda qarla bağlı əhaliyə müraciət olunub - FOTO  - YENİLƏNİB
# 09 yanvar 2023 15:25 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Yol Polisi muxtar respublikanın dağlıq və dağətəyi rayonlarında sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı ilə əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi tövsiyə edir.

Bununla yanaşı, sürücülərə küləkli havaya görə avtomobillərini ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama etməmələri, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə olunur.

***

12.12

Yanvarın 8-dən başlayaraq Naxçıvan Muxtar Respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək, onları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Müraciətdə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanan qızdırıcı cihazlardan istifadə edilməməsi, elektrik şəbəkəsinin həddindən artıq yüklənməməsi, işlək vəziyyətdə olan qızdırıcı cihazların nəzarətsiz qoyulmaması, xüsusilə bunların uşaqlara həvalə edilməməsi, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanmaması tövsiyə edilib.

Bununla yanaşı, nazirlik müraciətdə şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyə, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağa, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyə, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyə çağırıb.

Qeyd edək ki, dağlıq bölgələrdə intensiv yağıntından sonra bu gecədən başlayaraq Naxçıvan şəhərinə qar yağıb.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR