Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.
FHN-dən APA-ya verilən xəbərə görə, seminarda Naxçıvan Muxtar Respublikasında radioloji fəaliyyətlə məşğul olan tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri iştirak edib.
Seminarın keçirilməsində məqsəd radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi üzrə təcrübə mübadiləsinin aparılması, bu sahədə nəzarət funksiyalarının həyata keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı, həmçinin sənaye və tibb müəssisələrində spesifik sahələr üzrə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin müzakirəsi olub.
İki gün davam edən seminarda gündəliyə uyğun olaraq FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti mövzulara dair təqdimatlarla çıxışlar edilib, videoçarxlar nümayiş olunub.
Seminarda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.