Nazir: "Ali məktəblərə qəbul olanların sayı artıb"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 24 dekabr 2021 10:48 (UTC +04:00)

Əldə olunan böyük zəfər azyaşlıların, gənclərin, müəllimlərin milli düşüncə tərzində, gələcəyə inamında böyük dönüş nöqtəsidir.

APA-nın məlumatına görə, bunu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında "Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər" mövzusunda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Şuşada, Ağdamda, Cəbrayılda məktəb layihələndirilməsi işləri olduqca vacibdir.

Nazir qeyd edib ki, təhsildə yeni məzmunun azad edilmiş ərazilərdə bərqərar olması əsas məqsədlərdən biridir: “Bu proses minlərlə müəllim və şagird üçün də imkandır. Rəqəmsal bacarıqlar, STEAM layihəsi orada da nəzərə alınacaq”.

Nazir deyib ki, azad olunmuş ərazilərdə peşə təhsilinə də böyük ehtiyac olacaq. Çünki həmin ərazilərin bərpası üçün on minlərlə ixtisaslı kadr hazırlanmalıdır. Bu il Bərdə şəhərində açılışı baş tutan peşə məktəbi də 2000-dən artıq gəncin müxtəlif peşələrə yiyələnməsinə imkan verəcək.

Nazir vurğulayıb ki, ali məktəblərə qəbul olanların sayında da müsbət dinamika var: “Müstəqilliyin 30 illik dövründə ali məktəblərə qəbul olanların sayı 3 dəfə artıb. Buna baxmayaraq, yenə də ali təhsilin əhatəliliyi ilə bağlı rəqəm azdır. Daha çox abituriyentin ali təhsilə cəlb olunması qarşıda duran prioritetlərdən biridir. İşğaldan azad olunmuş ərazilərdə yeni ali təhsil müəssisələrinin olması həmin ərazilərə daha çox gənc nəslin qayıtması, təhsil alması və ali təhsilin əhatəliliyi baxımından əhəmiyyəti ola bilər. Qarabağda olan müasir innovativ layihələr elmi araşdırmalar tələb edir. Bu da ali təhsil müəssisələrinin qarşısında yeni imkanlar açır. Həmin ərazilərdə layihələrin icrası və ya planlaşdırılması elmi tədqiqatlar üçün böyük sifarişdir. Qarabağın bərpası növbəti 15-20 il ərzində Azərbaycan iqtisadiyyatı, təhsilinin ən böyük və ciddi uğur hekayəsi olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR