Nazir müavini: Mina qurbanları üçün iki yeni reabilitasiya mərkəzi açılacaq

Nazir müavini: Mina qurbanları üçün iki yeni reabilitasiya mərkəzi açılacaq
# 26 may 2023 17:00 (UTC +04:00)

"Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransın panelində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mina qurbanlarının reabilitasiyası barədə məlumat verib, reabilitasiya mərkəzlərinin gördüyü işlər barədə danışıb.

APA xəbər verir ki, o, gələn il Ağcabədi və Qubada iki yeni reabilitasiya mərkəzinin açılacağını qeyd edib.

Uqandadan ICBL-CMC-in səfiri "İnsan təhlükəsizliyini minalarla mübarizənin əsasına qoymaq" mövzusunda çıxış edib. O, çıxışında kasetli silahların təhlükəsi barədə danışaraq bildirib ki, bu silahlardan Rusiya Ukraynaya qarşı işğalçı müharibəsində fəal şəkildə istifadə olunub:

“Kasetli bombaların istifadəsi mülki itkilərin sayının çox olmasına səbəb olur. Digər təhlükə olan minalar isə insanların gündəlik həyatını məhv edir, məhsuldar torpaq sahələri yararsız hala düşür".

Uqandalı rəsmi deyib ki, təkcə 2020-ci ilin hesabatına görə dünyada mina partlayışları nəticəsində 5 544 insan həlak olub və ya zədələnib:

"Bu 2020-ci ilin statistikasıdır, lakin ölüm sayı indi daha da artıb".

O, çıxışında mina qurbanlarına psixoloji-sosioloji yardımın vacibliyinə də toxunaraq bunun önəmli olduğunu diqqətə çatdırıb:

"Biz, minatəmizləmə işləri ilə bağlı azərbaycanlıların gördüyü işlərdən çox cəsarətləndik, biz gördük ki, Azərbaycandan çox şey öyrənə bilərik".

Panelin digər iştirakçısı BMT İnkişaf Proqramının Mina Qurbanlarına Yardım Məsləhətçisi Keiko Tamuta "Mina qurbanlarının sosial reabilitasiyası: ən yaxşı təcrübələr" mövzusunda təqdimat edib.

O çıxışında inklüziv peşə təhsili barədə danışaraq deyib ki, Azərbaycan bu sahəyə investisiya qoyur, bu sahədə fəal işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR