Nazirlik: Minimum pensiyanın artırılması 65 min şəxsi əhatə edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 29 dekabr 2021 16:17 (UTC +04:00)

Ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək.

Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılacaq.

Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.

Ümumilikdə, sosial ödənişlərdə ardıcıl xarakter alan ciddi artım dinamikası pensiya təminatında da aydın şəkildə özünü göstərir.

Son 3 ildə reallaşdırılan sosial islahatların nəticələrindən biri kimi, ölkəmizdə minimum pensiya 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatdırılıb.

2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edək ki, gələn il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu 36,4% üstələyəcək.

Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya 60% artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR