Hər il ölkədə 150 minə yaxın şəxsə ilk dəfə ürək-damar xəstəliyi diaqnozu qoyulur.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, son 30 ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı artmaqdadır: "Rəsmi statistikalara görə, 1990-cı ildə 64 min, 2000-ci ildə 94, 2020-ci ildə isə 150 minə yaxın ürək-damar xəstəsi qeydiyyata alınıb. Təbii ki, bilinməyən, gizli ürək-damar xəstələrini də nəzərə alsaq, bu rəqəm qat-qat artıqdır. Uşaqlar arasında da bu xəstəliklər artıb. Lakin bu rəqəm o qədər də yüksək deyil. Belə ki, 90-cı illərdə uşaqlar arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı 10 min nəfər idisə, 2020-ci ildə isə 12-13 min uşağa bu diaqnoz qoyulub".