Nazirlik uşaqlarda ən çox yayılan stomatoloji xəstəliyi açıqlayıb

Nazirlik uşaqlarda ən çox yayılan stomatoloji xəstəliyi açıqlayıb
# 21 noyabr 2022 14:11 (UTC +04:00)

"Uşaqlarda ən çox yayılan stomatoloji xəstəlik diş-çənə anomaliyalarıdır (ortodontik xəstəliklər)".

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov deyib.

Onun sözlərinə görə, xəstəliyin səbəbləri müxtəlifdir - genetik səbəb (valideynlərdən irsən keçir), uşaq ana bətnində olarkən hamiləliyin riskli keçməsi, süd dişlərinin vaxtından əvvəl çəkilməsi, zərərli vərdişlər, düzgün qidalanmama.

İlqar Qacarov uşaqlar arasında kariyes xəstəliyinin də geniş yayıldığını diqqətə çatdırıb: “Mütləq kariyesləri vaxtında müalicə etmək lazımdır. Əgər uşaqlarda kariyes müalicə olunmazsa, gələcəkdə ürək-damar xəstəliklərinə gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır: "Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqların dişlərini barmağa keçən xüsusi rezin vasitə ilə və ya suya batırılmış pambıqla təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlar dişlərini özləri fırçalamağı öyrənməlidir. Onlara diş fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdırlar. Uşaqlarda diş minası yumşaqdır. Buna görə dişlərdə çürümə daha tez olur. Çürüklərin simptomları - ağ və qəhvəyi ləkələr, diş ətində qızarıqlıq və şişkinlik, dişdə oyuqlardır".

İlqar Qacarov əlavə edib ki, diş çürümələri bakteriya üzündən, karbohidrat tərkibli yeməklərdən istifadədə ortaya çıxır: “Bu tip yeməklərə süd, konfet, şirniyyatlar, meyvə suları, çörək aiddir. Normalda ağızda yaşayan bakteriyalar karbohidratları parçalayıb turşu halına gətirir. Bununla da ağızda turşu, bakteriya və tüpürcək birləşərək diş ərpləri əmələ gətirir. Bu da gələcəkdə dişlərin çürüməsinə gətirib çıxarır. Dişlər yaxşı yuyulmadıqda və diş iplərindən istifadə edilmədikdə çürüməyə səbəb olur.

Bundan başqa, qida qəbulu pozuntuları, bulemiya (nevrozla bağlı iştahanın artması), anoreksiya (nevroza bağlı iştahanın azalması) da dişlərin erkən çürüməsinə şərait yaradır. Bunun qarşısını almaq üçün uşaqların dişləri çıxan kimi gündə 2 dəfə dişləri, diş ətlərini və dilin üzərini təmizləmək lazımdır".

Ekspert süd dişlərinin vaxtından əvvəl çəkilməsi və tökülməsinin gələcəkdə hansı fəsadlara səbəb ola biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, uşaqlarda süd dişlərində kariyes yarandıqda mütləq müalicə olunmalıdır: "Kariyes yarandıqda və müalicə olunmadıqda nəticədə iltihab yaranır ki, bu da dişlərin vaxtından əvvəl çəkilməsinə səbəb olur. Dişlərin vaxtından əvvəl tökülməsinin başqa səbəbi isə diş travmaları, əmzikdən çox istifadə, ana südü ilə qidalanmama, barmaq əmmə və s. aiddir. Süd dişləri daimi dişlər çıxana qədər onlar üçün yer hazırlayır. Süd dişlərində yaranan problemlər uşaqların inkişafına və böyüməsinə təsir göstərir. Əsasən qabaq dişlər vaxtından əvvəl çəkildikdə nitq pozulur və estetik cəhətdən də yaxşı görünmür, bu da uşaqlarda ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. Əgər diş vaxtından əvvəl çəkilərsə, digər dişlər sürüşərək çəkilən dişin yerinə oturur. Uşaqlar dişlərinə, ağız içində yumşaq toxumalarına qalıcı və ya keçici olaraq zədələr verirlər. Bunlar da pis vərdişlərdir. Pis vərdişlərə barmaq, dodaq və dil əmmə, dili ilə diş arasındakı boşluğu doldurması, əmzik, dişləri bir-birinə qıcama, dırnaq yemə və s. aiddir. Bundan əlavə pis vərdişlər dişlərdə aşınma, çatlama, diş köklərinin əriməsi, diş ətlərində çəkilmələr, üst çənədə dişlərin bir-birindən aralanması, üst çənə dişlərin dodaqlara tərəf əyilməsi, dişlərin damaqda qalmasına da (ağız boşluğuna çıxmaması) səbəb olur".

Mütəxəssis valideynlərə uşaqların ağız və diş sağlamlığı ilə bağlı bir sıra tövsiyələr verib. Qeyd edib ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür: "Uşaqlara gündə 2 dəfə dişləri fırçalamağı öyrətmək, konfet, şokoladdan istifadəni azaltmağın səbəbini izah etmək vacibdir. Gecə uşaqlar süd içdikdən sonra ağız mütləq yaxalanmalıdır, çünki süd gecədən səhərə qədər ağızda qaldıqda dişlərin tez çürüməsinə səbəb olur. Axşam yemək saatları tezləşdirilməli və yeməkdən sonra dişlər mütləq fırçalanmalıdır. Bundan başqa, uşaqların 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçməsi lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR