Niyazi Bayramov Şuşada festivalda Gəncəni təmsil edən ziyalılarla görüşüb - FOTO

Niyazi Bayramov Şuşada festivalda Gəncəni təmsil edən ziyalılarla görüşüb - FOTO
# 24 may 2022 15:13 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir müddət öncə Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalında olan Gəncə ziyalıları ilə görüş keçirib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, görüşdə İH başçısının birinci müavini Səməd Tomuyev, ADAU-nun İctimai elmlər və multikultralizm kafedrasının müdiri, professor Azad Bayramov, GDU-nun Ümumi pedaqogika kafedrasının dosenti, yazıçı Bayram Apoyev və GDU-nun Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri Elçin Cavadov iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 gün ərzində azad edilib. Şuşanın azad olunması isə son əsrdə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Şəhər rəhbəri onu da qeyd edib ki, Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində bu gün doğma Qarabağda yenidənqurma, təmir-bərpa işləri geniş vüsət alıb. Bununla yanaşı, Azərbaycanın döyünən ürəyi olan Şuşada keçirilən müxtəlif mədəni tədbirlərin də əhəmiyyətini vurğulayıb. Həmçinin Niyazi Bayramov ziyalılara “Şuşa İli” ilə bağlı kitab hazırlanmasını tövsiyə edib.
Şuşada səfərdə olan ziyalılar səfərlə bağlı təəsüratlarını bölüşərək bildiriblər ki, Şuşa hər zaman Azərbaycanın mədəniyyət beşiyi olaraq qalacaq. Qeyd olunub ki, 30 ilə yaxın erməni vandallarının orada törətdiyi vəhşiliklərə baxmayaraq, Şuşa öz tarixi simasını heç zaman itirməyib. Daha sonra ziyalılar onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərinə öz dərin təşəkkülərini bildiriblər.
Görüşdə yazıçı Bayram Apoyev Niyazi Bayramova “Sarıbabaya salam” adlı kitabını hədiyyə edib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 5-8 may 2022-ci il tarixlərində Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrinin kulinarlarını bir araya gətirən tədbirin məqsədi Şuşanın qədimliyini, gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR